KÖŞƏ

Elçin Zaman

Ermənistanın işğalçı rəzilliyi davam edir

28 mart 2022 23:58
1186

Ermənilər bu dəfə qırıcıları ilə Ukraynada şəhərləri və dinc əhalini bombalayacaqlar 

«İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir.» Bu barədə Türkiyənin «Haber Global» televiziya kanalı məlumat yayıb. Kanal kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Ermənistana məxsus dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ukraynada istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə Rusiya istehsalı olan qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edir. Beləliklə, Ermənistan bu addımı ilə Ukraynanın işğalına dəstək verməklə bu ədalətsiz müharibədə növbəti dəfə regional sülhün yerinə münaqişəyə xidmət edib.

Qeyd edək ki, Ermənistan F-14 və F-15 qırıcılarına rəqib olaraq istehsal edilən Su-30 döyüş təyyarələrindən  dörd ədəd alıb. Çoxfunksiyalı bu döyüş təyyarələrinin alınması 2020-ci ilin may ayında reallaşıb. Xatırladaq ki, 2019-cu il dekabrın 27-də təyyarələrin alınması mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan bunu «ilin qazancı» adlandıraraq ölkəsinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynaycağını  bildirmişdi. Lakin Ermənistan Rusiya qırıcılarını İkinci Qarabağ müharibəsində istifadə edə bilməyib. Buna səbəb onun raket sifarişlərini vaxtında ala bilməməsi olub. Azərbaycanla müharibədə istifadə olunmayan Rusiya təyyarələri Ermənistanda narazılıqla qarşılanıb. Nikol Paşinyan isə bu qalmaqalı etiraf edərək günahı keçmiş rəhbərliyin boynuna atıb.

Bütün bunlardan sonra rəsmi İrəvana digər ölkələrdən gələcək ciddi reaksiyalar da maraq doğurur. Çünki Rusiya indiyədək Qərb ölkələri tərəfindən görünməmiş iqtisadi sanksiyalara məruz qalmaqla ciddi şəkildə təcrid edilib. Hətta Qərb Çinə Rusiya ordusuna hərbi sursat göndərəcəyi təqdirdə sanksiyalara məruz qalacağı barədə xəbərdarlıq edib. Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı diqqət mərkəzindədir.

 Bu da faktdır ki, Ukraynada həm canlı qüvvə, həm də texniki baxımdan  ağır itki verən Rusiya, eyni zamanda, hərbi qüvvəsini gücləndirməyə tələsir. Elə buna görədir ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların bir hissəsi Ukraynaya göndərilib. Ortaya çıxan görüntülərdən aydın görünür ki, Rusiya ordusuna aid yanacaq maşınları, zirehli texnikalar Laçın dəhlizi ilə Ermənistan istiqamətə hərəkət edir. Oradan isə hərbi yük təyyarələri ilə Rusiyaya yola düşür. Ermənistan, eyni zamanda, suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də bir plasdarm rolunu oynayır. Muzdlu döyüşçülər Ermənistandakı Erebuni aviabazasında yığılaraq oradan qondarma Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşürlər. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilirlər. İlk olaraq «Haber Global»ın yaydığı bu gerçəklərin ortaya çıxmasından iki həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan edib. Hazırda daşınmalar davam edir. Məhz mart ayının  25-də iki ədəd  «İL-76» tipli hərbi karqo təyyarəsi də Suriyadan qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.

İndi Ermənistanın yeni qırıcılarının Ukrayna səmalarında peyda olması rəsmi İrəvanın faktiki olaraq Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qatılması deməkdir. Belə görünür ki, «demokratik» Ermənistan Rusiyanın strateji planlarında onun ən yaxın müttəfiqi Belarusu belə ötüb keçmək üçün hər cür canfəşanlıq göstərir.

Rəsmi İrəvan işğalçı simasını Qazaxıstan hadisələri zamanında da üzə çıxarmışdı. Həmin vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sədri olan Ermənistan bu hərbi təşkilatın Qazaxıstan xalqına qarşı müdaxilə qərarına veto qoymaq hüququna malik olmasına rəğmən onu imzalamış və bu, hətta şəxsən Nikol Paşinyan tərəfindən elan edilmişdi. Azərbaycan dövləti isə hələ Qazaxıstan hadisələri zamanı da  dövlətlərin suveren hüquqlarına, daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini vurğulamışdı.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?