KÖŞƏ

Elçin Zaman

Ermənistanın nəfəsliyi daralır

23 fevral 2022 23:56
1151

Yeganə xilas yolu Azərbaycanın ərazi bütövlyünü tanımaqla  qonşularına düşmən münasibətdən əl çəkməlidir

Azərbaycana qarşı düşmənçilik, revanşist hisslərlə yaşayan Ermənistanın heç bir perespektivi yoxdur. Əgər Ermənistan bu şəkildə davam etsə, öz dövlətçiliyini itirəcək. Rəsmi İrəvanın yeganə çıxış yolu öz qonşularına - Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı torpaq iddialarından əl çəkmək və bu ölkələrə düşmənçilik münasibətini dayandıraraq mehriban qonşuluq, tərəfdaşlıq əlaqələri yaratmaq, iqtisadi, ticarət əlaqələrini bərpa etdirməkdir.

Məlumdur ki,  vaxtı ilə «böyük Ermənistan» xülyası ilə yaşayan ermənilərə 1915-ci ildə Türkiyə qətiyyətli cavab verərək onların bu məkrli oyununun qarşısını aldı. Eyni şəkildə 2020-ci ildə qüdrətli Azərbaycan Qafqazda yeni bir erməni dövləti yaratmaq istəyənləri peşman etdi. İşğalçı Ermənistanın 30 illik işğalına qısa müddətdə, cəmi 44 günlük müharibə ilə son qoyuldu. Bütün bunlar onu göstərir ki, bölgədə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik münasibətini davam etdirən Ermənistanın heç bir perspektivi yoxdur. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun   nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir.

Bu gün Ermənistanın sosial-iqtisadi və hərbi vəziyyəti çox acınacaqlıdır. Xüsusilə  ermənilər Ermənistanı birdəfəlik tərk edirlər. Bundan başqa, Ermənistan borc içərisindədir. Bu ölkənin dövlət borcu ÜDM-in yarısı qədərdir. Artıq ermənilərə də aydındır ki, Ermənistan öz varlığını bu şəkildə qoruya bilməz. Diaspordan alınan 3- 5 milyonla Ermənistanın dövlət kimi ayaqda qalması mümkün deyil.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra siyasi gündəmi zəbt edən mövzulardan biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yönündə gedən müzakirələrdir. Bu gün isə sülh ən çox məğlub Ermənistana lazımdır.  Çünki siyasi və hərbi analitiklərin yekdil rəyinə görə, Azərbaycanla növbəti müharibə Ermənistanın özünün bir dövlət kimi yox olmasına gətirib çıxaracaq.

Bir önəmli faktı da qeyd etmək yerinə düşər ki, hələ bir neçə həftə öncə hətta Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (KTMT) Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bildirmişdir ki, Qarabağa dair razılaşmalarda 10 noyabr 2020-ci il Bəyanatı sülh üçün yekun siyasi variantdır. Xatırladaq ki, adıçəkilən sənədlərdə heç bir status söhbəti yoxdur və «Dağlıq Qarabağ» münaqişə tərəfi kimi göstərilməyib. Onu da yada salaq ki, hazırda KTMT-yə müvəqqəti sədrliyi elə Ermənistan edir. Lakin aydındır ki, blokda həlledici söz sahibi Rusiyadır. General Sidorov da məhz Kremlin sözünü deyir. Ermənistan isə məlumdur ki, Rusiyanı və ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsini - ABŞ və Fransanı təzədən «Minsk prosesi»nə qaytarmağa çalışmaqla Qarabağ erməniləri üçün maksimum üstünlük əldə etməyə çalışır. Buna status cəhdləri də demək olar. Lakin həm Minsk qrupunun üzvləri, həm də beynəlxalq aləm Qarabağdakı vur-tut 25 mindən də az erməniyə status verilməsini ağlının ucundan belə keçirmir.

Burada bir məqamı da xatırlatmaq lazımdır ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin «France- 24» telekanalına müsahibəsi zamanı müxbirin «Siz Qarabağa muxtariyyət verməyə hazırsınızmı» sualını dövlətimizin başçısı belə cavablandırmışdı: «Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman ”yox" deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır».

 Göründüyü kimi,  Azərbaycanın siyasi iradəsi ortadadır və heç bir statusdan söhbət gedə bilməz. Bu gün Ermənistandakı iqtisadi və siyasi böhran ölkəni iflas həddinə çatdırıb. İndi nəinki Yerevan, hətta Xankəndi sürətlə boşalır. Bunu təkcə biz demirik. Hətta erməni şərhçilər özləri etiraf edirlər. Belə ki, erməni siyasi şərhçi Samvel Ohanesyan bildirib ki, Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sülhməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyirlər ki, bu torpaqlarda onları zorla saxlayırlar: «Biz Qarabağda yaşayan ermənilərlə mütəmadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu, bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcəyik, çünki bölgədə olan sülhməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olaraq çıxıb. Bu, faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmirlər, Rusiyaya və yaxud Qərb ölkələrinə getməyə can atırlar.»

Elçin Zaman, «İki sahil»

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?