KÖŞƏ

Sevinc Azadi

Ermənilərin yeni miqrasiya hiyləsi

19 fevral 2022 00:11
1240

Düşmən ölkənin miqrantları ABŞ-a birbaşa deyil, Meksika vasitəsilə yol tapmağa çalışırlar

İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan qaçmaq istəyən vətəndaşların sayı durmadan artmaqdadır. Bu barədə erməni mətbuatı məlumat yayıb. "Hraparak" nəşri bununla bağlı maraqlı bir məlumat dərc edərək artıq ermənilərin yeni üsulla miqrasiya etdiklərini açıqlayıb. Yazıda qeyd edilir ki, ermənilər əvvəlki kimi qanuni miqrasiyaya deyil, hiylə işlədərək gizli yollarla ABŞ-a köç edirlər. Məlumdur ki, pandemiya miqrasiya proseslərinə xeyli mənfi təsir göstərib. Nə Avropa, nə də ABŞ miqrantları qəbul etmir. Üstəlik, xarici ölkə səfirliklərində bir neçə ildir ki, viza üçün müraciət ölkənin qeyri-insani davranışlar sərgilənir, növbələr dəhşətli həddə çatır.

“Hraparak” nəşrinin yazdığına görə, qanuni mühacirət imkanları nə qədər çətinləşirsə, qaçqınlar bir o qədər bacarıqlı olur və Ermənistanı tərk etmək üçün yeni yollar tapırlar. Onlar ABŞ-a birbaşa deyil, Meksika vasitəsilə yol tapmağa çalışırlar. Bu işdə istifadə edilən kölgə pulları da olduqca çoxdur. “Ermənistandan Meksika vasitəsilə qaçan ermənilər xaricə, xüsusən də ABŞ-a köçmək üçün yeni yol tapıblar. Meksika həmişə qeyri-qanuni miqrantlar üçün ABŞ-a giriş qapısı olub, lakin adətən Cənubi Amerika və ya Afrikadan olan miqrantlar tərəfindən istifadə edilib. Ermənilər, bir qayda olaraq, ABŞ-a ənənəvi şəkildə gedir, ziyarət edir, müxtəlif yollarla viza alıb, geri qayıtmırlar. İndi isə onlar Meksikadan keçirlər”, - deyə məqalədə qeyd olunur.

Məqalənin müəllifi bu yolla ABŞ-a gedən erməni əsilli gənclə söhbət edib. O qeyd edib ki, bunun üçün 20 min dollardan çox pul xərcləyib, onu sərhədi keçirmək vəzifəsini öz üzərinə götürən vasitəçilərə verib. Qanunsuz yolla ABŞ-a mühacirət edən erməni deyir ki, bu işdən külli miqdarda pul qazanan şəxslər onları Meksika-Amerika sərhədinə aparıb və bəzi təpələri göstərərək aradan çıxıblar: “Qeyd olunan istiqamətdə bir neçə kilometr getdikdən sonra karvanımız Amerika sərhədçiləri tərəfindən saxlanılaraq San Dieqo şəhəri yaxınlığında yerləşən sərhəd pozucularının müvəqqəti təcridxanasının sektorlarından birinə aparıldı. Beton döşəmə, 25 nəfərlik kamerada taxta skamyalarda 40 nəfər var idi. Adamları orada cəmi bir neçə saat saxlamaq olardı, amma bizi 10 gün saxladılar. Nə tibbi yardım, nə də insani rəftar edilir. Bizə məlumat verildi ki, bu “cəhənnəm” 24 sektordan ibarətdir və orada ümumilikdə 600 nəfər saxlanılır. Bir çox insanlar qeyri-insani şəraitdə xəstələndilər, çünki çox isti olur. Kim yerdə yatdı, böyrəyini, sağlamlığını itirdi. Mən 10 gün oturmuşam. İnsanlarda mədə-bağırsaq xəstəlikləri var idi.”

“Hraparak”ın jurnalisti ondan bu çətinliklərin öhdəsindən gəlməyə, bu qədər məhrumiyyətlərə dözməyə nəyin vadar etdiyini soruşduqda, belə cavab verib: “Vətənimdə məni nə gözləyirdi – məhrumiyyətlər, işsizlik, yaxşı həyatla bağlı boş vədlər? Qonşum “Vətəndaş Müqaviləsi” partiyasının üzvüdür, demək olar ki, mənim yaşımda, amma nə təhsildə, nə intellektdə, nə də çalışqanlıqda məndən üstün deyildi, ancaq onun kimilər üçün iş var, mənim üçün qətiyyən yoxdur. Borca düşdüm, 20 min dollar yığdım və yola düşdüm. İndi uzaq qohumlarım mənə müvəqqəti sığınacaq veriblər. Bir neçə gündən sonra sürücülük vəsiqəsi alacam, “Soschel”im olacaq, “Uber” taksi xidmətində işləyəcəm, ev kirayələyəcəm, ailə quracam və bir neçə ildən sonra insan kimi yaşayacam”, - deyə mühacir erməni bildirib.

Ermənistanın miqrasiya problemləri üzrə ekspertləri artıq həyəcan təbili çalırlar. Hətta tarixçi Arşaluis Zurabyan ümumi bir analiz apararaq 30 ildə faciəvi mənzərənin yaranmasından gileylənib: “Son otuz il ərzində iki milyon yarıma yaxın insan vətəni tərk edib. Əgər "soyqırımı siyasətinin" nəticəsi deyilsə, bəs bunun adı nədir?”

Dövlət rəsmiləri isə miqrasiyanın qarşısını almaqda maraqlı deyillər. İqtisadçı mütəxəssis Armenak Katinyan ölkə iqtisadiyyatının getdikcə daha bərbad vəziyyətə düşdüyünü bildirir. Bu isə miqrasiya hallarının artmasına gətirib çıxaran əsas amildir. Bütün bunlar Ermənistanın gələcəyi üçün müsbət heç nə vəd etmir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?