KÖŞƏ

Sevinc Azadi

Paşinyandan normal hərəkət gözləməyə dəyərmi?

11 fevral 2022 23:56
1193

Baş nazirin avantürist hərəkətləri təcavüzkar ölkəni labüd məhvə aparır

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub və bu xüsusda ölkəsinin Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu və buna hazır olduğunu bir daha bildirmişdi. Bu, əslində sülh gündəliyinə uyğun olan bir mövqedir və cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə bu məsələlər müzakirə olunmuş, eyni zamanda, Brüssel görüşündə əldə olunmuş mühüm razılaşmaların davam etdirilməsi ilə bağlı ortaq fikir sərgilənmişdi. Lakin bununla yanaşı olaraq həm də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərinin atıcı silahlardan istifadə etməklə atəşə tutulduğunun da şahidi olduq.

Göründüyü kimi, davamlı olaraq sülh istiqamətində müsbət mesajlar verildikdən sonra Ermənistan tərəfi hərbi təxribatlar törədir və bu təxribatlar həm Ermənistan-Azərbaycan sərhədində, həm də Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verir. Siyasi bəyanatları ilə praktiki fəaliyyəti arasında ziddiyyətlərin olduğu Nikol Paşinyan manipulyativ açıqlamalar verməklə həm beynəlxalq ictimaiyyəti aldadır, həm də qalıcı gərginliyin formalaşmasına xidmət edən addımlar atır. Bu, artıq ilk hal deyil. Dördtərəfli görüşdən sonra 8 erməni əsilli şəxsin Ermənistana təhvil verilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyi üzərinə götürdüyü bütün öhdəlikləri təkzib etdi. Birinci Qarabağ müharibəsinin fəsadlarının aradan qaldırılması istiqamətində itkin düşmüş şəxslərin Azərbaycan tərəfinə təqdim olunması, eləcə də onların yerlərinin və koordinatlarının Azərbaycana təqdim edilməsi, onların ekshumasiyası (kimliyinin müəyyənləşdirilməsi) istiqamətində Ermənistan üzərinə öhdəlik götürüb. Bu öhdəliklərdən boyun qaçırılması da Ermənistanın məkirli siyasətinin bir göstəricisidir. Minalarla bağlı sövdələşməni də düzgün yerinə yetirməyən Ermənistan növbəti dəfə üzərinə götürdüyü məsuliyyətdən boyun qaçırır.

Bundan əlavə, videoformatda baş tutan görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə dair şərhində bildirilir ki, Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

“Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq", - şərhdə bildirilib.

Hamıya məlumdur ki, Ermənistanın baş naziri rasional düşünmək, praqmatik siyasət yürütmək qabiliyyətindən məhrumdur. Hətta dünyada da bunu bilirlər və heç kim Paşinyandan normal, məntiqli addım və hərəkət gözləmir. Ermənilərin özü də baş nazirdən əlini çoxdan üzüb. Ermənistan əhalisi başa düşür ki, siyasətdə naşı və piyada olan N.Paşinyan vəd etdiyi kimi, bu ölkədə heç bir yeniliyə, tərəqqiyə imza atmayacaq, heç bir sosial, iqtisadi, siyasi problemi həll etməyəcək. Əksinə, baş nazirin yol verdiyi belə avantürist, manipulyativ hərəkətlər ölkəsini labüd məhvə və uçuruma aparır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?