19 yanvar 2022 13:41
789

Dünyanın ən bahalı evini alan olmadı - FOTO

İtaliyanın paytaxtı Romada 16-cı əsrdə inşa edilən və 471 milyon avro dəyərində hərraca çıxarılan “Villa Aurora” satılmayıb. İtalyan bir ailəyə məxsus bu ev ölkədə "əsrin hərracı" adı ilə satışa çıxarılıb.

Onlayn hərracda Villa Auoranın minimum açılış qiyməti 353 milyon avro müəyyən edilib. Bununla belə, 471 milyon avro dəyərində və 353 milyon avro qiymətlə başlayan hərrac üçün indiyədək heç bir təklif verilmədiyi açıqlanıb.

Aprelin 7-də villanın qiymətinin 20 faiz aşağı salınacağı və 282 milyon 600 min avroya satışa çıxarılacağı bildirilir. Bildirilir ki, “Villa Aurora”nın satışı tamamlanarsa, dünyanın ən bahalı evlərindən biri olacaq. Villanın bu qədər qiymətli olmasının səbəbi italyan rəssamı Karavacconun burada 1597-ci ildə freskasının yer almasıdır. Freska-divarada xam mala üzərində çəkilmiş şəkil, rəsm və ya naxış deməkdir. İtaliya mətbuatında da bildirilir ki, villaya iddialı olanlar arasında Bill Qeyts və Bruney sultanı da var.

Ölkədə İtaliya tarixi və mədəniyyətinin mühüm irsinin əcnəbilərə satılma ehtimalı narazılığa səbəb olub. Villanın satışına qarşı çıxan bəzi italyanlar sosial media platformalarında "S.O.S. Mədəniyyəti Satılır" başlıqlı petisiya başladıblar. Satışa qarşı çıxanlar villanın Mədəniyyət Nazirliyi tərəfindən alınmasını istəyirlər. Lakin nazirliyin villanı almaq üçün illik büdcəsinin təxminən dörddə birini bu satışa ayırması lazımdır.

Vüsal Cahanov, “İki sahil”