01 may 2020 11:07
985

27 il davam edən ədalətsizlik...

30 aprel 1993-cü il tarixdə BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edib.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

İşğal nəticəsində Kəlbəcərin 511 sakini erməni quldurları tərəfindən öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcərə dünya şöhrəti qazandırmış “İstisu” sanatoriyası və digər müalicə-balneoloji təsirə malik mineral su yataqları da Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bu işğalla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. “Soltan Heydər”, “Turşsu”, “Gəlinqayası”, “Böyükdəvəgözü”ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi. Bu rayon öz ərazisində həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, “Laçınqaya”...

Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 kvadratmetrlik sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb. İşğal nəticəsində yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni-məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub. Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.

Söyüdlü-Zod qızıl yatağı  Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü -Zod qızıl yatağı sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı 4-5 min il əvvəl bu ərazidə qızıl istehsal edildiyi sübut edilib. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. İşğal altında qalmış Kəlbəcərin zəngin qızıl yataqları, təbii sərvətləri 27 ildir ermənilər tərəfindən talan edilir.

Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir. Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdi.

Qeyd edək ki, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

Nurəddin Ədiloğlu, “İki sahil”