04 dekabr 2021 00:30
644

Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinin ölkəmizdə müzakirə olunması Azərbaycana inamın və etimadın təsdiqidir

Tarixi Zəfərimizin nəticəsidir ki,  Azərbaycanın səsi indi bütün dünyada eşidilir

Xarici siyasətində ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini əsas tutan Azərbaycanın istər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişafı göz önündədir. Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurları 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə əsas amillər sırasındadır. Qələbəmiz  Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyevin  «Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq» kimi fikirləri Azərbaycanın siyasətində müstəqil olduğunu, heç zaman da bu yoldan dönməyəcəyini təsdiqləyir. Xatırlasaq, cənab İlham Əliyev bu il   keçirilən  «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda  müzakirələrdə çıxışı zamanı «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» fikirlərini səsləndirməklə Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha iştirakçıların diqqətinə çatdırmışdır.

«Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Günümüzün reallığı budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Hazırda bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan istər 30 ilə yaxın dövrdə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə faktlara əsaslanan təbliğatı ilə dünyaya bu reallığı çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər.  ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransın ardınca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda baş tutan müzakirələrdə ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var.

Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlət başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir.  Münaqişənin həlli tamamilə yeni mühit yaradır. Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır.

Cənab İlham Əliyevin çıxışlarına, müzakirələrdə iştirakına dünya mediasında, siyasi dairələrdə maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Ölkə Prezidenti heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir. Cənab İlham Əliyev sualları cavablandırarkən bir daha bu reallığı diqqətə çatdırır ki, müharibə vaxtı baş verənlər ədalətin, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi.

Bütün bu reallıqlar dünyanın gözü qarşısında cərəyan etdiyi halda Ermənistan bu gün də Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır, uydurmalar yayır, Azərbaycanın sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatını aparır, ona dəstək verən, daim ermənipərəst mövqeyi ilə diqqət mərkəzində olan Fransa «ürəkağrısı» ilə ona kömək edəcəyini, qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımaqla tarixi də siləcəyinə özündə bir əminlik yaratmağa çalışır. Görünür, Fransa maraqlarına o qədər aludə olub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın dünyaya keçdiyi tarix, hüquq və milli qürur dərslərini unudub. Ermənilər illərdir torpaqlarımızı nə qədər erməniləşdirməyə çalışsalar da, bunun mümkünsüzlüyünün 44 gündə aldıqları dərs əsasında bir daha şahidi oldular.

Dövlət başçısının yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir çərçivədə dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Birmənalı şəkildə demək olar ki, istər Vətən  müharibəsi, istərsə də postmünaqişə dövründə   cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.

Azərbaycanın postmünaqişə dövründə diplomatik uğurlarının davamı kimi noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşü qeyd edə bilərik. Rusiyanın vasitəçiliyi ilə  Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin görüşü  bir daha Azərbaycanın qələbəsinin, Ermənistanın bundan sonra sülh müqaviləsindən yayına bilməyəcəyinin təsdiqi oldu. İstər üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin, ölkə Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın nitqində, istərsə də görüşün sonunda imzalanan Bəyanatda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması kimi məsələlər xüsusi yer aldı. Soçi görüşündə imzalanan Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Eyni zamanda,  ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, artıq həm Dağlıq Qarabağ münaqişəsinin, həm də 1992-ci ildə problemin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 illik fəaliyyəti dövründə missiyasının nədən ibarət olduğunu tam dərk etməyən, neytrallığı qorumayaraq Ermənistana dəstək funksiyasını yerinə yetirən, qısaca desək, fəaliyyətsiz  Minsk qrupunun  tarixdə qaldığını təsdiqləyir. Soçi görüşünü 10 noyabr 2020-ci il tarixdə imzalanan kapitulyasiya aktının davamı kimi də dəyərləndirə bilərik. Ermənistan rəhbərliyi bir daha əmin oldu ki, sülh müqaviləsini imzalamaqdan  başqa yolu yoxdur. Amma müqayisəli təhlil aparsaq Vətən müharibəsi dövründə Nikol Paşinyan xalqını necə sərsəm fikirləri ilə aldadırdısa, Soçi görüşündən öncə də  erməni ictimai rəyində mövqelərini gücləndirmək məqsədilə  qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə olduğunu bildirirdi. O, sərsəm bəyanatları ilə  kommunikasiya ilə bağlı problemlər yaratmaqda maraqlı olduğunu açıq-aşkar büruzə verirdi. Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin açılacağından xəbər verir. Soçi görüşü  10 noyabr Bəyanatının imzalanmasından ötən bir ilin yekunu oldu.  Cənab İlham Əliyev bu bir ildə Bəyanatın müddəalarından irəli gələn vəzifələrin ölkəmiz tərəfindən  yerinə yetirildiyini, Azərbaycan tərəfinin daim sülh müqaviləsini təklif etdiyini diqqətə çatdırdı, kommunikasiyaların açılmasının perspektivlərindən bəhs etdi. Ümumilikdə Soçi görüşü  Azərbaycanın diplomatik qələbəsidir.  Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb.

Soçi görüşünün ardınca dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü gözlənilir. Qeyd edək ki, bu ilin iyulunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, həmçinin bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın ölkəmizə səfəri zamanı 15 dekabrda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi müzakirə edilmişdir. Bu, bir daha dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana artan inamını və etimadını nümayiş etdirir. Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinin Azərbaycanda müzakirə olunması ölkəmizin ən böyük diplomatik uğurları sırasındadır. Onu da qeyd edək ki, eyni fikirləri Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı ilə bağlı da qeyd edə bilərik.  Tədbir Türkmənistanda keçirilsə də, əsas diqqət Azərbaycana, onun uğurlarına, dövlət başçısı İlham Əliyevin alternativsiz siyasətinə yönəldilmişdir.

Uğurlarımızın təhlili bu ümumiləşdirməni aparmağa əsas verir ki, Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara  beynəlxalq  əhəmiyyətli səyləri ilə cavab verən Azərbaycanın diplomatik uğurları xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq,  dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in tədbirlərinin ölkəmizdə keçirilməsi respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazanılan uğurlardandır. Tarixi Zəfərimiz bu uğurların davamlılığını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”