19 oktyabr 2021 20:48
407

“Rebuild Karabakh” sərgisində 5 ölkənin milli pavilyonu iştirak edəcək

Çoxdan gözlənilən sərgi – “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi 2021-ci il oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Eyni tarixlərdə, 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild 2021” və 13-cü Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” “Aquatherm Baku 2021” sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayır. Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.

“İki sahil” xəbər verir ki,  bu barədə 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” və 26-cı Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında deyilib.

Qeyd edilib ki, 30 ildir gözlənilən birinci “Rebuild Karabakh” sərgisini Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi kimi adlandırmaq olar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində igid Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisi təşkil edilib.

Sevindirici haldır ki, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci “Rebuild Karabakh” sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatasının dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.

Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə “yaşıl enerji”, “ağıllı kənd” layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.

“Caspian Event Organisers” şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan anlaşma memorandumu çox böyük əhəmiyyət kəsb edir. Memoranduma əsasən, “Rebuild Karabakh” sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi azad edilmiş ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda yönləndiriləcək. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaq.

Ənənəvi “BakuBuild” sərgisi pandemiya səbəbiylə bir illik fasilədən sonra daimi iştirakçılarını itirərək deyil, həm də yeni şirkətlər əlavə edərək fəaliyyətinə start verir. İstehsalçılar, distribüterlər, konsaltinq şirkətləri və inşaat sektorunda xidmət göstərən şirkətlər də daxil olmaqla Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40 faizini təşkil edir. Qeydiyyat sponsoru sərginin daimi iştirakçısı “NB Group”dur (Corella markası). Tikinti sərgisinin vizit kartı milli pavilyonlardır və bu il Belarus, İran, Çexiya, BƏƏ, Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasından 8 regional qrup, Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya regional qrupları iştirak edir.

Sərgi geniş çeşiddə yenilikçi tikinti materiallarını təqdim edir, bunlara daxildir: dam örtüyü və izolyasiya, interyer, bitirmə materialları, dizayn, boyalar, laklar və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasadlar, qranit və mərmər, keramika, qapı və pəncərələr, işıqlandırma və elektrik məhsulları, tikinti texnikası və sair. İştirakçılar sərginin peşəkar ziyarətçilərinə tikinti sənayesinin ən son yeniliklərini və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək və sərgiyə gələnlər birbaşa sərgidə təqdim olunan məhsulları sınaqdan keçirə biləcəklər.

Beləliklə, uzun illər təşkil olunan “BakuBuild” sərgisi müasir biznesin inkişaf meyilləri ilə ayaqlaşaraq qısa müddətdə hədəf auditoriya ilə üz-üzə görüşlər keçirməyi, yerində və dərhal iş qurmağı mümkün edir.

Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgisi 13 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, SPA, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və jakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar təqdim olunur.

İştirakçılar və ziyarətçiləri 3 gün ərzində “Azpromo”nun dəstəyi və iştirakı ilə təşkil edilən zəngin mədəni və işgüzar tədbirlər proqramı gözləyir.

“Rebuild Karabakh” sərgisinin proqramına Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları, işğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar, Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası, “Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar, Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər mövzularında təqdimatlar daxildir.

İşgüzar proqramda əsas hadisələrdən biri sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər oktyabrın 20-si və 21-də sərgi iştirakçıları, yerli istehsalçılar və distribüterlər arasında keçiriləcək.

İştirakçılar arasında ilk dəfə olaraq, oktyabrın 21-i və 22-də Türkiyə Kondisioner İstehsalçıları Birliyi, Bakı Ekspo Mərkəzində şirkətlər ilə maraqlı B2B görüşlər təşkil edəcək.

“Dubai Industries & Export” tərəfindən təşkil edilən BƏƏ-dən işgüzar nümayəndə heyəti, inşaat sektorunda və Qarabağ bölgəsində investisiya imkanları ilə tanış olmaq üçün sərgiyə səfər edəcək.

Oktyabrın 20-də Rusiyanın “Kraspan” şirkətinin seminarı, oktyabrın 22-də isə Naxçıvan Sement Zavodu “Naxçıvan Muxtar Respublikasında istehsal olunan tikinti materialları” mövzusunda seminar keçiriləcək.

Proqram haqqında daha ətraflı məlumatı veb-saytdan əldə edə bilərsiniz - “https://rebuildkarabakh.az/az-programme/”.

Mədəni proqram çərçivəsində sərginin bütün günlərində xüsusi olaraq təşkil edilmiş “Qarabağ inciləri” zonasındakı foyedə Qarabağ bölgəsinin zəngin musiqi irsini əks etdirən müxtəlif tədbirlər keçiriləcək. Burada uşaqlar üçün Qarabağ haqqında kitablar, Qarabağ bölgəsinin geyimləri, “Qarabağ” şahmat fiqurları, Qarabağ xalçaları, Qarabağ mənzərələri fonunda şəkil çəkdirib və dərhal sosial şəbəkələrdə paylaşa biləcəyiniz “360 video spinner” görə biləcəksiniz.

Qarabağ Dirçəliş Fondu Qarabağ haqqında “Əvvəl və sonra” adlı fotoşəkillərdən ibarət sərgi təşkil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəstəyi ilə sərginin üçüncü günündə foyedə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası mədəni bir proqram təşkil olunacaq.

1-ci “Rebuild Karabakh” sərgisi bir çox dövlət qurumlarından dəstək alıb. Sərgi İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Mənzil İnşaatı Agentliyi, Qarabağ Dirçəliş Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

“BakuBuild” sərgisi isə İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Mənzil İnşaatı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, eləcə də həm “BakuBuild”, həm də “Aquatherm Baku” sərgiləri KOBİA, Azpromo və ASK tərəfindən dəstəklənir.

2021-ci il sərgilərinin ortaqları arasında tur operator “Greenwich Travel Club” da yer alır. Sərginin təşkilatçıları qismində “Caspian Event Organisers” və tərəfdaşlar “Iteca Caspian”, “Caspian Event Management FZ-LLC”, “ICA Eurasia FZ-LLC” və sair çıxış edir.

Xüsusilə sərgilərin rəsmi saytlarında sərgi iştirakçıları üçün “Azərbaycana Giriş Qaydaları” bölməsi açılıb. Bu məlumatlar dərhal yenilənir və bunun sayəsində əcnəbi iştirakçılar ölkəyə gəlmək ehtimalını öyrənə bilərlər. Qarabağ müharibəsi veteranları üçün növbədən kənar keçid üçün ayrıca qeydiyyat təşkil edilib.

Beləliklə, sərgilərin keçiriləcəyi 3 gün ərzində minlərlə mütəxəssis tikinti sənayesinin yenilikləri ilə tanış ola, müqavilələr bağlaya, sənayenin aparıcı istehsalçıları və distribüterlərin ortağı ola və sürətlə inkişaf edən ən son texnologiyaları tətbiq edə biləcəklər.

Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.

“Rebuild Karabakh”, “BakuBuild”, “Aquatherm Baku” sərgilərindən ən son xəbərlər dərhal sərgi saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək. Uzun illər yerli istehsalçılar üçün tikinti sektorunda işgüzar təmasların naviqatoru olan sərgilər üçün sərgi iştirakçılarının rəsmi kataloqu yerləşdirilib.