19 oktyabr 2021 21:48
146

20 yaşında şəhidlik zirvəsinə ucaldı - VİDEO

44 günlük vətən müharibəsində canını fəda edən qəhrəman övladlarımızdan biri də Beyləqan rayon sakini Tacir Muradlıdır. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  Tacir 20 yaşında şəhidlik zirvəsinə yüksəlib.

"İki sahil" Xəzər TV-yə istinadən xəbər verir ki, Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. 20 yaşında şəhidlik zirvəsinə yüksələn hərbçimizin ən böyük arzusu Qarabağın azadlığı olub.

Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə savaşıb. O, həm də 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Tacir Muradlı  Qubadlı döyüşləri zamanı şəhid olub. Döyüşçü yoldaşları və komandirlərinin  sözlərinə görə, o sözün əsil mənasında qəhrəman olub.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" , Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.