19 oktyabr 2021 21:57
453

Ali Baş Komandanımızın tvitləri də döyüşlərdə bizə xüsusi ruh verirdi - FOTOLAR

Tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaradaraq qəhrəmanlıq salnaməsi yazdı.

Belə cəsur oğullardan biri də Masallı rayonunda doğulan, Bakının Xətai rayonunda boya-başa çatan Cəfərsadiq Məmmədovdur.

Bizimlə söhbətində igid qazimiz Cəfərsadiq Məmmədov bildirdi: «Uşaq yaşlarımdan hərbçi olmaq istəmişəm. Ailəmizədə hərbçi çox olub. Atam, yaxın qohumlarım hərbiçi olub. Hər zaman onların paltarlarını geyinib güzgüdə özümə baxırdım. Bu arzu ilə də  Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Nümunəvi şəkildə məzun olduqdan sonra 2020-ci ili aprel ayında  Goranboy rayonunun «N» saylı hərbi hissəsində Birinci motoatıcı taborun rabitə rəisi vəzifəsinə təyin olundum. Bizim hərbi hissədə çox igid, yüksək əhval-ruhiyyəli  əsgər və zabitlərimiz var idi. Rabitədə modern proqramlardan istifadə edirdik. Bir saniyə də tezliyi 256 dəfə dəyişdirmək mümkün idi. İyul, avqust aylarında ermənilər tərəfdə böyük aktivlik olduğunu müşahidə edirdik. Bizimlə onların arasında 1km neytral zona var idi. Ona görə də onların hərbi hisələrinə yeni texnikaların və canlı qüvvələrin gəldiyini açıq-aydın görürdük. Sentyabrın 27-də isə ağır texnikalardan istifadə etməklə əks-hücuma keçdilər. Güllələr göydən yağış kimi yağırdı. Bizim taboru iki yerə böldülər. Bir hissəni Suqovuşan istiqamətinə,  digərini isə Füzuli istiqamətinə apardılar. Mən Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etdim. Çox ağır döyüşlər gedirdi. Sevindirici hal ondan ibarət idi ki, əsgər və zabit heyətində çox yüksək əhval-ruhiyyə var idi. Baxmayaraq ki, təlimlər istisna olmaqla heç vaxt canlı döyüş görməmişdik, qorxu hissi yox idi. Bir istəyimiz var idi- torpaqlarmız düşmən işğalından azad olunsun. Bizim elə ən böyük üstünlüyümüzdə ölümün gözünə dik baxmağımız, qorxmazlığımız  idi. Ali Baş Komandanımızın tvitləri də döyüşlərdə bizə xüsusi ruh verirdi. Qələbə xəbərlərindən fərəh hissi keçirirdik. Ordumuzda çox igid komandirlərimiz var. Əsgərlərimiz  təkid etsə belə onlar heç vaxt əsgəri qabağa vermirdilər. Özləri öndə gedirdilər. Ona  görə  də şəhid və yaralı qazilərimizin arasında komandirlərin adına tez-tez rast gəlirik. Onların bu fədakarlığı əsgərlərin daha da  ruhlanmasında, taqətdən düşməməsində böyük önəm daşıyırdı. Məqamları uca olan şəhidlərimizin ölümü məni  sarsıtsada hər zaman onlara qibtə etmişəm. Onlar torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəliblər. Bu hər  insana nəsib olan qismət deyil.»

Yaralanmasından danışan qazimiz bildirdi ki, Suqovuşan uğrunda döyüşdə başımdan yaralandım. Yaralana qədər olan hadisələri xatırlayıram. Yaralandıqdan sonra olanlarla bağlı xatirimdə heçə nə yoxdur. 22 gün komada qalmışam. Valideynlərim məni tapmaqda çox əziyyətlər çəkiblər.

Qəhrəman qazimizin atası Zeydulla Cabbarov bildirdi ki, bütün valideynlər kimi mən də, oğlumdan çox nigaran idim. Oğlumun ön cəbhədə düşmənlə mübarizədə olduğunu bilirdim.  Tez-tez zəng edirdim. Bir müddət sonra Cəfərsadiqə zəng çatmadı. Heç kimlə əlaqə saxlaya bilmədim. Məndə oğlumun hərbi hissəsindən bir neçə nəfərin nömrəsi var idi. Onların də bəzilərinə  zəng çatmırdı, bəzilərini də başqa yerlərə xidmətdə göndərmişdilər. Bu vəziyyət bir neçə gün davam etdi. Gərgin keçən günlərimizin birində bir zabit zəng elədi ki, oğlunuz yaralanıb Naftalanda xəstəxanadadır. Xəbəri alan kimi anası ilə Naftalan xəstəxanasına getdik. Xəstəxanadan bizə bildirdilər ki, burada bu adda yaralı əsgər yoxdur. Siz başqa yerlərə müraciət edin. Şəmkirin, Gəncənin, Goranboyun, Naftalanın bütün xəstəxanalarını gəzdik. 8 gün küçələrdə qaldıq, xəstəxanaları axtardıq. Tapılmadı.

Yenidən oğlumun xidmət etdiyi hərbi hissəyə gəldim. Komandir və zabit heyəti ilə görüşdüm. Oğlumu tapmadığımı bildirdim. Bir zabit cibindən vərəq çıxardı. Oraya 12 nəfərin adı yazılmışdı. Dedi ki, sənin oğlunu yaralı kimi qeyd etmişəm. Xəstəxanalara birdə baxmaq lazımdı. Bəlkə adı heç qeydiyyata düşməyib. Naftalan xəstəxanasından əvvəl yaralılar Ağcakənd xəstəxanasına aparılıb. Bəlkə oradan bir xəbər ala bilərsən. Ağcakənd xəstəxanasından bildirdilər ki, bu adda yaralı qeydiyyata düşüb ancaq vəziyyəti ağır olduğu üçün onu Naftalan xəstəxanasına  göndərdik. Yenidən Naftalan xəstəxanasına gəldik. Yaralımızın Ağcakənd xəstəxanasından bura göndərilməsini bildirdik. Xəstəxanadan bildirdilər ki, buraya qeydiyyata düşməyib. Yəqin ki, vəziyyəti ağır olub Gəncəyə göndərmişik. Gəncədə bütün xəstəxanaları gəzdik. Dedilər bu adda yaralı qəbul etməmişik. Bir həkim bildirdi ki, ən ağır yaralılardan bir neçəsini Mərkəzi Klinikanın Gəncə filialına göndərmişik. Bəlkə oradadır. Mərkəzi Klinikada da olduq. Onlar da bildirdilər ki, burada bu adda yaralı qeydiyyata düşməyib. Ancaq bir şöbəmizdə koma vəziyyətində olan nəməlum yaralılar var. Pandemiya şəraitinə görə içəri girmək yasaqdır. İcazə alıb sizi içəri keçirdərik baxarsınız, ancaq bir şərtlə çox səssiz olmalısınız. Yaralılara baxdım. (kövrəlib ağlayır). Palatada biri-birindən ağır yaralılar var idi. Oğlum tanınmaz hala düşmüşdü. Snayper gülləsi alan oğlumun başının sol tərəfi demək olar ki, yox idi. Klinikada əməliyyat olunmasına baxmayaraq komadan ayılmırdı. 22 gündən sonra komadan ayıldı. İki ay Gəncədə Mərkəzi Klinikadan müalicə aldıqdan sonra, iki ay da Bakıda Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hosbitalında müalicə aldı. Uzun müddətli müalicələrə, bir neçə dəfə aparılan cərrahi əməliyyatlara baxmayaraq nəticə yox idi. Yaşat Fonduna müraciət etdik. Yaşat Fondunun dəstəyi ilə oğlum anasının müşayiəti ilə Türkiyəyə göndərildi. Orada yenidən əməliyyat olundu və başına sünü qapaq yerləşdirildi. Bu qədər müalicələrə baxmayaraq bədəninin sol hissəsi iflic vəziyyətdədir. Oğlumun bu gün yaşamasına görə onun döyüş yoldaşlarına təşəkkürümü bildirirəm. Onlar gərgin döyüşlər zamanı öz həyatlarını təhlükəyə ataraq Cəfərsadiqi ağır yaralı vəziyyətdə 5 km sürüyərək tibb məntəqəsinə çatdırıblar.

Söhbətimizin sonunda Cəfərsadiq torpaqlarımızın azad olunmasında onun da xidməti olmasından qürur hissi keçirdiyini, bu vəziyyətində belə hər zaman Vətənin müdafiəsinə hazır olduğunu bildirdi.  

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Cəfərsadiq Məmmədov «Cəsur döyüşçü» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif olunub.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»