18 oktyabr 2021 17:11
524

Xətai rayonunda Vətən müharibəsi şəhidi Elşən Salayevin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub- FOTO

Bakı Dövlət Universitetinin  Tarix fakültəsinin tarix yazaraq əbədiyyətə qovuşan məzunu 

Oktyabrın 18-də Bakının Xətai rayonunda 44 günlük Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan polad biləkli, mübariz ruhlu qəhrəmanımız Elşən Fuad oğlu Salayevin yaşadığı ərazidə onun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib.

 Şəhidin vaxtilə yaşadığı Səməd bəy Mehmandarov küçəsi 26 ünvanında keçirilən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün həm Elşən qardaşımızın adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi 18 oktyabr- Müstəqilliyin bərpasının  otuzuncu ildönümünə təsadüf edir: “30 il idi ki, biz hər il bu tarixi qeyd edəndə deyirdik və arzulayırdıq ki, Allah qismət eləsin torpaqlarımızı azad edək, bu tarixi bütöv Azərbaycan olaraq qeyd edək. Nəhayət ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri hərb meydanında haqq savaşı apararaq düşmənin başını əzib ərazi bütövlüyümüzü bərpa etdi. Qəhrəman zabit və əsgərlərimizin şücaəti sayəsində, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın tarixi Zəfərinin, gücünün, qüdrətinin şahidi oldu. Azərbaycan xalqı hər zaman Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçərək şəhadətə ucalan Elşənin timsalında bütün qəhrəman və mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur və tutacaqdır.”

R.Quluyev xatırladıb ki, şəhidlərimizin şücaəti, döyüş yolu, savaş əzmi, ölümün gözlərinə dik baxaraq düşmənlə son nəfəsədək vuruşması gələcək nəsillərə çatdırılmalı və gənc nəsillərimiz Vətənimizin hər qarışının şəhidlərin qanı ilə yoğrulduğunu bilməli, vətənpərvər böyüməlidirlər: “Ənənəvi olaraq rayonumuzdan Birinci və İkinci Qarabağ müharibələrində öz canları bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin adlarını müxtəlif formatlarda anır, xatirələrini əbidiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və qəhrəmanlıqlarını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdən ibarətdir. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə və  yaxınlarına isə səbir diləyirəm.”

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxış edərək  bildirib ki, bu gün Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazan igidlərimizdən biri olan Elşən Salayevin xatirə lövhəsinin açılış mərasimi üçün  müqəddəs ocağa, ziyarətgaha toplaşmışıq: “Hər birimizin and yerimiz olacaq bu xiyabanı vətəndaşlarımız, gənclərimiz, Xətai rayon sakinləri həmişə ziyarət edəcək və şəhidlərimizin əziz xatirəsini ehtiramla anacaqlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun əsgər və zabitləri sonsuz cəsarət və şücaət göstərərək həyatları bahasına 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad ediblər. Bununla da ərazi bütövlüyümüz bərpa olundu, bizim qürurumuzun, şücaətimizin varlığı bir daha öz təsdiqini tapdıq. Torpaq bizim üçün namus və qeyrətdir. Ona görə də torpağa “Ana  Vətən” deyirik. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimizin Vətən yolundakı fədakarlığı, torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizin əziz xatirəsinə olan ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımız olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu ideya və prinsiplərlə böyüməlidirlər. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır.”

V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını  sevmək nümunəsini ortaya qoyan, qəhrəmanlığından əsrlər boyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz oğullar böyüdüblər: “Elşən qardaşımızın timsalında bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə  ehtiva edən bu cür cəsur oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı  arzu edirəm.”

Çıxış edən Əməkdar artist, bədii qiraətçi Azad Şükürov şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə görülən işlərə, keçirilən tədbirlərə, anım mərasimlərinə görə öz adından və mərasim iştirakçıları adından Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də YAP Xətai rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib: “Hər dəfə şəhidlərimizin xatirə lövhələrinin açılışında iştirak edəndə çox qürur hissi keçirirəm və şad oluram. Ən azından ona görə ki, Vətənimiz, qeyrətimiz, namusumuz yolunda vuruşub qan tökən, gözünü qırpmadan canından keçən şəhidlərimizə sayğı və sonsuz ehtiram göstərərək anım tədbirlərinin keçirilməsi, xatirə lövhələrinin, bulaqlarının açılması onların da əziz ruhunu şad edir. Xalqımızın igid övladları “Vətən”, “xalq” deyərək ən şirin  nemət olan canını Vətən uğrunda qurban verdilər. Bu gün üzümüz ağ, başımız ucadır. İndi biz Vətən torpağına ayağımızı möhkəm basırıq. Şəhidlərimizin və qazilərimizin hər birinə bir ömür borcluyuq. Qoy Vətənimizin bütün övladları bu abidəni gördükcə, parkı ziyarət etdikcə hiss etsinlər ki, torpaq uğrunda canlarını fəda edənləri xalqımız necə hörmətli, əziz və müqəddəs tutur.”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nuru bildirib ki, fəxr edirəm  Ali Baş Komandanın rəhbərliyi ilə  müzəffər ordumuz ildırım  sürəti ilə torpaqlarımızı mundar ermənilərin tapdağından azad etdi: “Qəhrəmanlarımız can verdi ki, yurdumuz yaşasın. Döyüşən əsgər kəfəni boynuna dolayır, o heç zaman fikirləşmir ki, atası, anası, övladı var. Onun bir amalı var: Vətən, Torpaq, Qələbə. Belə tədbirlərin keçirilməsini alqışlayıram. Bu, həm də bir Zəfər tədbiridir.”

264 nömrəli məktəb-liseyin direktoru Sevda Qocayevaya çıxışında bildirib ki, Elşən məktəb illərində özünü çalışqan, savadlı, intellektual şagird kimi tanıtmışdı: “Şərəfli və qürurluyam ki, belə şagirdim olub. O, gələcəyin savadlı tarixçisi olacaqdı. Elşən magistratura  pilləsində təhsil almaq üçün xarici dövlətlərdən dəvət almışdı. Lakin o, Vətən qarşısında borcunu yerinə yetirmədən magistratura təhsilini davam etdirmədi.  Elşən tarixə adını yazayaraq əbədiyyətə qovuşdu.”

Daha sonra tədbirdə şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları çıxış edərək Elşənlə bağlı xatirələrini bölüşüb, şərəfli həyat yolundan, igidliyindən söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.  Göstərdikləri diqqət və qayğıya görə Xətai Rayon İcra Hakimiyyətinə, YAP Xətai rayon təşkilatının rəhbərliyinə təşəkkür ediblər. 

Şəhidin atası Fuad Salayev qeyd edib ki, hər bir şəhidin öz taleyi, valideyni, şərəfli döyüş yolu var: “Oğlum haqqında danışmaq nə qədər şərəfli olsa da,  eyni zamanda, çətindir. Elşən həyat eşqi ilə dolu gənc idi və bunu onu tanıyan hər kəs hiss edirdi. Özünə qapanan deyildi, əksinə ünsiyyəti sevən idi. Bundan xüsusi zövq alırdı. Xarici dillərə marağı var idi, buna vaxt sərf edirdi. Ona təcrübə qazandıracaq, inkişafına pay qatacaq seminarlara, başqa fəaliyyətlərə önəm verirdi. Universitetə də yüksək balla qəbul olunmuşdu. Elşən tarixi çox sevirdi. Müəllimləri onu “arxeologiya dəlisi” adlandırırdılar. Hətta ordu sıralarına yollanmazdan əvvəl müəllimlərindən birinə mesaj yazmışdı: “Ümid edirəm ki, hərbi xidmətdən sonra daha çox qazıntı təcrübəm olacaq.” Hərbi xidmətə çox həvəsli idi. Vətənini sevən gənc idi. Bunun da əyani sübutu, məhz onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi, şəhid olması oldu. Elşənlə sonuncu dəfə oktyabrın 15-də danışdıq.  Ondan sonra artıq əlaqə kəsildi. ”

Daha sonra 264 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda  tədbir iştirakçıları şəhid Elşən Salayevin xatirə lövhəsinin qarşısına tər güllər düzüblər.

Qeyd edək ki, Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildə 264 nömrəli məktəb-liseyi bitirib, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olunub. İkinci kursda Elşən "Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarım il təhsil alıb.  Rus və ingilis dillərini mükəmməl bilən Elşənin Vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.  Elşən Salayev 2019-cu ildə ali məktəbi bitirmişdi. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdı.  İkinci Qarabağ savaşı başlayan andan döyüşün iştirakçılarından olur. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak edir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər almaq mümkün olmur. Təxminən 1 ay sonra Elşən Salayevin Vətən müharibəsində qəhrəmancasına şəhid olduğu xəbəri gəlir. 18 noyabrda Bakı şəhərində dəfn edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,  Elşən Fuad oğlu Salayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yaqut Ağaşahqızı,

Vüsal Cahanov (foto), “İki sahil”