18 oktyabr 2021 11:41
170

130 minədək tələbənin təqaüdündə artım olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə bağlı məlumat yayıb. 

“İki sahil” xəbər verir ki, Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq: 

“Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.

Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.

Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq.

Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.

Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”.

Xatırladaq ki, Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.