KÖŞƏ

Vəli İlyasov

Baden-badenin mavi gecələri...   və ya Serjikin Almaniya sərgüzəştləri

16 oktyabr 2021 01:57
643

Məşhur kinofilmdə unudulmaz komediya artistimiz rəhmətlik Əliağa Ağayevin  özünəxas tərzdə işlətdiyi bu ifadə Çinin yekəbaş buldoqlarına oxşayan Ermənistanın əski prezidenti Serjik Sarkisyanı yada salır. Axı, onun da özünəməxsus Baden-baden sərgüzəştləri var. Özü də bir deyil, beş deyil. Maraqlıdır ki, bu sərgüzəştlər haqqında ermənilər o qədər danışıblar ki, axır gəlib Bakıya da çatıb. Bizim kefli İsgəndər sağ olsaydı yəqin əlini Şeyx Nəsrullaha uzadıb dediklərini Serjikə də deyərdi:- Sən də lotusan Serjik, mən ölüm əl ver.        Nədir axı bu kişiciyin sərgüzəştləri? Desəm uğunub gedəcəksiniz.

Oyunun olsun, Serjik, o kiçik canında nələr varmış...Komsomol biletində atasının adını gizlədən, bəzilərinin onu qaraçı Romanın, bəzilərinin isə dəmirçi Azadın  oğlu olması, bir sözlə, bicliyi haqqında söz-söhbətin hələ də səngimədiyi bu günlərdə ortaya Serjikin yeni hoqqaları çıxıb. Məlum olub ki, başabəla Serjik ermənilərin həyatı ilə qumar oynadığı kimi, onların çörək pulları ilə də qumar oynayırmış. İndi ermənilər yana-yana deyirlər ki, ara, Ermənistanda burnunu dik tutub ona-buna kəllə atdığın hara, bizim ac vaxtımızda prezident ola-ola kazinolarda çəkdiyin keflər, yarıçılpaq qızlara payladığın dollarlar, qumarxanada uduzduğun pullar hara? Əgər öz maaşını uduzsan buna heç kim heç nə deyə bilməzdi, can sənin, cəhənnəm Tanrının, amma səd heyif ki, belə deyil. Həmin pullar erməni diasporunun kömək üçün varlı ermənilərdən yığıb Ermənistana göndərdiyi ianə pullarıdır. Öz erməniləri deyirlər ki, Serjik on illik prezidentliyi dövründə Baden-badenə azı iyirmi dəfə səfər edib. Onların yarısı aşkar, yarısı gizlin formada. Hətta Almaniyaya rəsmi səfərlərə gedən Serjik məxfi şəkildə Bade-baden kazinolarına baş çəkmək fürsətini fövtə verməyib. Onun Baden-baden sevgisinin sirləri artıq bir-bir faş olmaqdadır. Belə məlum olur ki, Serjik bütün illərdə məzuniyyətini Almaniyanın Baden-baden şəhərində keçirib. Təbii ki, bunu yalnız ətrafındakı bir neçə şəxs bilib, ancaq yerin də qulağı var, deyirlər. İndi İrəvanda açıq danışırlar ki, ürəyincə əylənmək üçün Serjik yalnız bu məkanı seçirmiş. Yanında olub ona qulluq edənlər Baden-baden kazinolarına çamadanlarla pul daşıyırmışlar. Kazinolarda hətta itlər də Serjiki tanıyırmış, ona görə də bura ona hər yerdən maraqlı və doğma olub. Babalı deyənlərin boynuna, guya Serjik on ildə burada yüz milyon dollar pul uduzub. Hə, hə, belə deyirlər, həm də əsaslandırırlar. Ancaq nə qədər ki, Serjik hakimiyyətdə olub bu barədə bilənlər qorxudan susublar.

Bütün məxfiliklərə baxmayaraq Serjikin Baden-baden kazinolarındakı lotuluqları və qumarbazlığı haqqında məlumatlar “beynəlxalq arenaya” da sızıb. Moskvada Kremldəkilər, hətta Avropa Şurasının rəhbər vəzifəli adamları bu barədə məlumatlı olublar. Deməli, Serjik başını kola soxub heç kəsin onu görmədiyini düşünsə də, quyruğu bayırda qalıb və onu çoxları görüb. Hətta Rusiya prezidenti  Vladimir Putin görüşlərdən birində inad göstərən Serjikə gülümsər halda sətiraltı ifadə işlədərək bildirib ki, sənin qumar aləmindən xəbərin olmamış olmaz. Şıdırğı qumar oynaması barədə “zarafatı” ona Avropa Şurasında da ediblər. Gülməlidir ki, belə bir atmacanı Serjikə Almaniyanın kansleri Angelina Merkel də atıb. Ancaq “yazıq” Serjik başından böyük qələt edib onlara necə sərt cavab verə bilərdi ki? Etiraz edə bilməzdi, çünki özü öz qələtlərini yaxşı bilirdi. Odur ki, mumlayıb və bu sözləri verib peysərə. Əslində həmin liderlər siyasi manevr edərək bu minvalla əvvəlcə onu susdurub sonra isə istədiklərini ona qəbul etdiriblər. Axmaq vəziyyətə düşən Serjikin deyilənlərə əməl etməkdən başqa çarəsi qalmayıb.

Düşünməyin ki, bunları Serjik Sarkisyana olan antipatiyaya görə düzüb-qoşuram. Ancaq heç də elə deyil. Serjikin dövləti əməlli-başlı talaması barədə məlumatlar artıq rəsmi orqanlara da çatıb. Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serjik Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.

Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serjik Sarkisyanın çirkin işlərlə məşğul olduğunu, ölkəni çapıb taladığını, konkret olaraq Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar pul uduzduğunu bildirib. Deputat Serj Sarkisyana qarşı cinayət işinin açılmasını tələb edib. Yaxşı axtarsalar onun  “koşelok”undan narkotik alverindən və xaricdən alınan silah-sursat sövdələşməsindən çırpışdırdığı milyonlarla pullar da çıxacaq. Deməli, haqq öz yerini tapacaq, Serjikin çəkdiyi keflər burnundan fitil-fitil gətiriləcək. İşlətdiyi haram əməllər qırx gündən sonra olmasa da on ildən sonra ifşa olunacaq. Ancaq kişi Serjikin macəraları hələ davam edir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?