15 oktyabr 2021 23:19
555

İşğalçı ölkəni hələ çox müsibətlər gözləyir

Hər keçən gün olmayan nüfuzunu daha da ayaqlar altına alan Ermənistan hökumətinin işəyaramaz və başıboş siyasəti ölkədəki sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirir. 44  günlük müharibədən sonra  isə işğalçı ölkədə ara daha çox qarışıb. Belə ki, Ermənistanın dövlət borcu bu il 1 milyard dollardan çox artıb və hökumətin yenidən kreditlər götürməsi nəticəsində borc xidməti yükünün faiz ödənişləri ciddi problemə çevrilib. Erməni iqtisadçı ekspertlər  uzun müddət bu cür şəraitdə sabit iqtisadi artım templərini təmin etməyin mümkün olmadığını, ölkənin yığılmış borcunun 60 faizlik həddi aşdığını, bu borclar kritik səviyyəyə çatanda isə ciddi problemlərin  yaranacağını bildiriblər. Mütəxəssislər borc yükünü azaltmaq üçün görülə biləcək optimist tədbirlərə şübhə ilə yanaşdıqlarını da deyirlər.

Erməni ekspertləri deyir ki, ölkə büdcəsinin əsas gəlir mənbəyi mədən sənayesidir və bu sahə beynəlxalq bazar qiymətlərindən asılı olduğuna görə proqnozlar qeyri-sabit, etibarsızdır. Yaranmış vəziyyət vətəndaşların sosial durumunu daha da ağırlaşdırıb, cəmiyyətdə qütbləşmə dərinləşib, yoxsulluq 30 faizə yüksəlib. Ölkədə qiymətlər nominal əmək haqqından daha sürətlə artır. İnvestisiyalar üçün gəlir gətirən sahələr azalmaqdadır. Eyni zamanda sərmayə qoymaq üçün bazarın olmaması səbəbindən erməni investorlar ölkələrinə yatırımlar etməkdə maraqlı deyillər.  İqtisadçı Armen Ktoyan “Sputnik Armeniya” saytına bildirib ki, torpağın üçdə bir hissəsi əkin dövriyyəsində deyil, qalanı isə səmərəsiz istifadə olunur.

İşğalçı ölkədə  sosial-iqtisadi vəziyyətin pisləşməsi siyasi gərginliyi yüksəldərək  daxili çəkişmələri artırır. Bu da yerli əhalinin haqlı etirazlarına səbəb olur. Dəfələrlə baş nazir Nikol Paşinyanın idarəçiliyindən cana gələn mülki əhali etiraz aksiyaları keçirərək hükumət  əleyhinə şüarlar səsləndirsələr də,  polis zorakılıqlarına məruz qalaraq susdurulublar. Ermənistan hökumətinin isə bu qədər acınacaqlı vəziyyətdə tapdığı çıxış yolu yenə öz vətəndaşlarını əzməkdən keçir. Ermənistanın paytaxtı, ya regionları - fərq etmir, yaşından və cinsindən asılı olmayaraq sakinlər polislərin insanlara qarşı rəftarından, ağır işgəncələrindən narazıdırlar. Hətta polislərin davranışlarından təngə gəldiklərin deyirlər. Belə ki, Ermənistanın  sosial məsələlər üzrə dövlət nazirliyinin binası qarşısında polis qüvvələrinin keçmiş hərbçiyə qarşı  zor tətbiq etməsi ilə bağlı kadrların sosial şəbəkələrdə yayılması hiddəti artırıb. Polis rəisinin asayiş keşikçilərinə “başına möhkəm-möhkəm vurun” deməsi ictimaiyyəti qəzəbləndirib. Erməni mətbuatının yazığına görə, döyülən hərbçi xəstəxanaya  yerləşdirilib, komadadır. Baş verənlərlə bağlı ölkənin hüquq müdafiəçiləri və vəkillər kollegiyasının üzvləri aidiyyəti qurumlara, o cümlədən beynəlxalq hümanitar təşkilatlara birgə bəyanatla müraciət etməyi planlaşdırırlar.

44 günlük müharibə ilə layiqli cavabını alan Ermənistanda daxili problemlərin çoxluğu işğalçı ölkəni hərtərəfli sıxışdırır. Başqa bir məsələ isə mənfurların xarici ölkələrdəki səfirlərini bir-bir  geri çağırmaları ilə bağlıdır. Növbəti dəfə baş nazir Nikol Paşinyanın Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanı geri çağırması diplomatın hiddətinə səbəb olub. Diplomat bir daha Ermənistana qayıtmayacağını bəyan edib. Səfirin sabiq prezidentlər Koçaryan-Sarkisyan cütlüyünün yaxın ətrafından olduğu da bildirilir. Onun  Xocalı cəlladı Serjik Sarkisyan dönəmində XİN-in birinci müavini vəzifəsində çalışdığı bildirilir.

Yuxarıda sadalananlar bir daha onu sübut edir ki, illər boyu işğal faktını boynuna almayan, mənfur qonşuluq siyasətindən bir an belə əl çəkməyən Ermənistanı bu gedişlə hələ çox müsibətlər gözləyir. Hər keçən gün fəlakətə sürüklənən bədnamların aqibəti isə indidən məlumdur.

Nilufər Mustafaqızı, “İki sahil”