16 oktyabr 2021 00:14
584

Qarabağda evlər sökülərək Ermənistana və İrana satılıb

Prezident İlham Əliyev oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bununla bağlı konkret faktlar səsləndirdi

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu. Bütün dünya işğaldan azad edilmiş ərazilərdə ölçüyəgəlməz erməni vandalizminin şahidi oldu. Təpədən dırnağadək faşist ideologiyası ilə silahlanan Ermənistan 27 ildən artıq dövrdə işğal altında saxladığı əraziləri ancaq talayıb, dağıdıb, məhv edib.

Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Mədəniyyət Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb: “Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

İşğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət acınacaqlı olub. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb. 30 ilə yaxın dövr ərzində qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib. Bundan başqa, Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən, bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib. Xüsusilə, Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub. Bununla yanaşı, işğal dövründə Sərsəng su anbarına texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 40 000 nəfər əhali üçün potensial təhlükə mənbəyi olub. Suyun ərazinin mövsümi ehtiyacları nəzərə alınmadan, qış aylarında verilməsi nəticəsində yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri,kommunikasiya xəttləri su altında qalıb.İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda verilməsi kəskin su qıtlığı yaradıb və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanıb.

Şübhəsiz, militarist Ermənistanın insanlığa qarşı cinayətkar əməlləri cavabsız qalmayacaq. İnsanlığın üz qarası olan ermənilər bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar.  Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan 30 illik işğal dövründə törətdiyi bütün cinayət əməllərinə, dağıntı və talana görə də ədalət mühakiməsi qarşısında cavab verəcək, tezliklə haqq-ədalət öz yerini tutacaq. Artıq bu istiqamətdə zəruri addımlar atılır. Əsas məqsəd odur ki, Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alsın və təcavüzkar ölkə ədalətli mühakimə olunsun. Bu gec-taz baş tutacaq.

Zahid Rza, “İki sahil”