15 oktyabr 2021 00:57
1135

ZƏFƏR YÜRÜŞÜNÜN SƏRKƏRDƏSİ

2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun inandığı, böyük rəğbət və etimad göstərdiyi qalib lider kimi adını tarixə yazdı

Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilir. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olmuşdur. Təsadüfi deyil ki, xalqımız aparılan bu siyasi kursa bir daha öz dəstəyini verdi. 13 il bundan əvvəl, 2008-ci ilin 15 oktyabr tarixində seçicilərin 88,73 faiz səsini toplayan cənab İlham Əliyev inamlı qələbə qazanaraq, növbəti beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyevə xalq tərəfindən verilən böyük dəstək bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi idi.

Zaman xalqın müdrik seçiminin düzgünlüyünü dönə-dönə təsdiqlədi

Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə  isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan, müzəffər Ordu, müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur - xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!

Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm də təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə inamlı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

Cənab Ali Baş Komandan oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Füzuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri və digər yurdlarımız işğaldan azad edildi. Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa vadar oldu. "Qarabağ münaqişəsi" deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı. Ən qiymətlisi isə odur ki, üç böyük rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu, tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir!

Xalqla iqtidarın sarsılmaz birliyi

Ali Baş Komandan İlham Əliyevin ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi desək yanılmarıq. Ölkə başçısı, müharibə dövründə dünyaya təkcə qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil rəhbər, mahir diplomat kimi görünmədi. Dünya onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi Lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə apardı. Bu 30 ildə bir an da olsun ümidimiz sönmədi, inamımız tükənmədi, ona görə yox ki, məcburən tərk etdiyimiz yurda sevgi ürəyimizdə kök salmışdı. Ona görə ki, qarşımızda xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var!

Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafi mövqedə yerləşdiyini unutmamalıyıq. Dövlətin dayanıqlığının artırılması, ölkəmizin üzləşdiyi köhnə və yeni xarici çağırışlar qarşısında daxili birlik mütləqdir. Biz 44 günlük müharibə zamanı bu birliyin necə əhəmiyyətli olduğunu bir daha gördük. Bütün bunların fonunda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dialoq formatı, qarşılıqlı müzakirələr bəzi radikal və xarici donorlardan asılı olan siyasi partiyalardan başqa hamı tərəfindən müsbət dəyərləndirilir, cəmiyyət tərəfindən rəğbət və sevinclə qarşılanır. Ölkəsinin və xalqının taleyini öz taleyinə çevirən Prezident çətin gündə də, xoş gündə də xalqın yanındadır. Ona insanların sonsuz sevgisini qazandıran da elə bu sadəlik, bu təvazökarlıqdır.

Artıq bölgədə yeni dönəm başlayır

İşğal altındakı torpaqların azad edilməsi və Zəngəzur dəhlizinin işə düşməsindən sonra bölgədə yeni geoiqtisadi əlaqələrin yaranmasına şahidlik edəcəyik. Son 3 ildə Böyük İpək Yolunun siyasi - iqtisadi mərkəzinə çevrilən Azərbaycan Türkmənistan, Özbəkistan, Əfqanıstan ilə razılıqlar əldə edərək Qafqaz tranzit xəttinin genişlənməsinə nail olub. Bütün bunlar o deməkdir ki, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi, sözün həqiqi mənasında tam müstəqil, güclü dövlət qurmağı bacardı.

Sevinc Azadi, “İki sahil”