14 oktyabr 2021 00:13
392

Liderlik fenomeni dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir

Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev müstəqillik tariximizin ən parlaq səhifəsini-Zəfərimizi yazdı  

 

Müasir dövrün qalib Lideri

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan bizləri 18 illik zaman ayırır. 18 il zaman baxımından qısa dövr olsa da, uğurların, Azərbaycanın təqdimatına  edilən əlavələrin miqyasına və onların zirvəsində dayanan Zəfərimizə diqqət yetirdikdə böyük qürur hissi keçiririk.   Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi.  Prezident kimi ölkəmizə  rəhbərlik etdiyi 18 ildə  bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı  beynəlxalq  layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Prezident İlham Əliyevin siyasətini səciyyələndirən dəyərlər

Ölkə Prezidenti  İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Qırx dörd gündə əsrlərlə danışılacaq tarix yazıldı

Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürür duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.  

44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha  təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək, maraqların arxasında əriyir, ölkələr arasında  münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürür, 30 ilə yaxın müddətdə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də  iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə,  hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim  bu məqama diqqət yönəldirdi ki,  dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»

Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi

Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Hələ də bu günə qədər Ermənistana dəstəklərindən əl çəkməyən dövlətlər reallıqda nə qədər yanlış olduqlarının fərqindədirlər. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib  hissəsi olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə öz əksini tapıb ki, bu sənədlərin də qəbulunda ABŞ, Fransa və Rusiya qurumun daimi üzvləri kimi iştirak ediblər. Demək, münaqişənin həlli prosesinin  30 ilə qədər uzanmasında işğalçı Ermənistanla yanaşı, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri də az məsuliyyət daşımırlar. Bu gün dövlətimizin qətiyyəti,  Azərbaycan Ordusunun gücü, qüdrəti ilə yanaşı, Rusiyanın və Türkiyənin də  birgə səyləri nəticəsində 10 noyabr razılaşmasının əldə olunması ATƏT-in Minsk qrupunun digər həmsdərləri-Fransa və ABŞ-ı incik saldı. Dövlətimizin başçısı İlham Əliyev  bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki,  Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər: «Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.» Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Əvvəldə də qeyd etidyimiz kimi, Azərbaycan yeni reallıqlar yaratdı.  Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı son hadisələrin gedişində bütün təfsilatı ilə açıqlandı. Bir daha təsdiq olundu ki,  dünya nə  qədər ki,  hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Ötən il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi bizə işğal altında olan torpaqlarımızın azad olunması sevincini,  yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq deyildiyini təsdiqlədi.

Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi

Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın  irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum  Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki,  işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə koçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. 

Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək imkanında deyil

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda,   10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında  yeni həyat başlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrlmaz tərkib hissəsi olduğunu bildirirlər.  Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək imkanında deyil.

Azərbaycan dövlətimizin basşçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tarximizin şanlı səhifəsini yazdı.  Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişingə tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı. Bu format bu günədək üç və dördtərəfli idisə, artıq beş formatına keçdi.  İşğalçı  Ermənistanın yeni əməkdaşlıq formatında iştirakı isə bu ölkənin siyasi iradəsindən asılı olacaq.

Cənab İlham Əliyev nəyi nə zaman etməyi bildiyini  bir daha nümayiş etdirdi

Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin  dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə  rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da  unudulmasın. Yalnız bu halda  münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından ürəklə  danışmaq mümkün olar. 44 günlük müharibənin işıq saldığı əsas məqamlardan biri məhz beynəlxalq hüququn qorunması üçün  qəbul edilən qərar və qətnamələrin lazım gəldikdə bir saat ərzində icrası, maraqlara uyğun olmadıqda isə 30 il tətbiqini gözləməsi oldu. Amma Azərbaycan yaratdığı yeni reallıqlarla, beynəlxalq hüquq normalarını tətbiq etməklə  bir daha dünyaya bu günədək hökm sürən yanaşmanın yanlışlığını göstərdi.

Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir

Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Düşünülmüş   siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı  işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən  xəbər verir.

Yeganə Əliyeva, «İki sahil»