13 oktyabr 2021 22:56
365

Prezident İlham Əliyev Qoşulmama Hərəkatında qlobal təşəbbüslərin müəllifidir

Azərbaycanın Cənubi Qafqazın lider və qalib ölkəsi kimi Hərəkata sədrliyi beynəlxalq miqyasda yüksək qiymətləndirilir

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi rol alan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən təşkilatdır. 1961-ci ildə yaradılmış və hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildə  tamhüquqlu  üzv kimi qəbul olunub. 2019-cu ilin oktyabrın 25-də Venesuelada keçirilmiş Zirvə görüşündə Hərəkata üzv ölkələrin yekdil qərarı ilə 2019-2021-ci illərdə  təşkilata sədrlik Azərbaycana həvalə edilib. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində təşkilatın sədri,  Azərbaycan Prezidenti İlham Əliyev videoformatdakı çıxışında bu təşkilatın beynəlxalq əhəmiyyəti və ölkəmizlə sıx əməkdaşlığından, xüsusilə də İkinci Qarabağ müharibəsində verdiyi siyasi dəstəkdən danışıb: «Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər».

 Qeyd edək ki, Cənubi Qafqazın lider və qalib ölkəsi kimi Azərbaycanın Hərəkata sədrliyi beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Xüsusilə Azərbaycanın fəal surətdə bəşəri təşəbbüsləri təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik ölkəmizə  xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Belə ki, pandemiyanın ən təhlükəli mərhələlərində, hətta dünya ölkələrinin əksəriyyətinin özünə güvənini itirdiyi bir məqamda ölkəmiz qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ölkələrdən biri oldu.

O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan dövlətinin rəhbəri bu təşkilatın sədri qismində xeyli beynəlxalq əhəmiyyətli təklif və təşəbbüslərlə çıxış edib. Belə ki, Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə Toplantısının və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsini də Azərbaycan reallaşdırdı. Burada ölkəmizin başçısı Qoşulmama Hərəkatının sədri kimi «peyvənd millətçiliyi»nə qarşı mübarizənin önündə gedib.  Ölkəmiz Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib.

Məhz ölkəmizin beynəlxalq nüfuzunun artması da imkan verdi ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar versinlər. Prezident İlham Əliyev bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndirib. Vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

Hazırda Azərbaycan Qoşulmama Hərəkatının perspektiv fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə müxtəlif təşəbbüslər də irəli sürür. Elə Prezident İlham Əliyevin Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı bir sıra təkliflər səsləndirməsi Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə verilən önəmli töhfələrdən hesab olunur. Ölkəmizin başçısı bu toplantıda da hər zaman olduğu kimi, yenə də maraqlı təklif irəli sürdü. Bildirdi ki, Azərbaycan COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi təklifini irəli sürür: «BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir».

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi əminliklə vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və təşkilata üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

Elçin Zaman, «İki sahil»