13 oktyabr 2021 23:18
370

Bütün yollar sülh müqaviləsinə aparır…

Dayanıqlı sülhə nail olunması Ermənistanın düşdüyü bataqlıqdan çıxması üçün yeganə şansıdır

Regionun şəriksiz liderinə çevrilən Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində yaratdığı yeni reallıqlar Ermənistan üçün də düşdüyü böhrandan çıxmaq imkanı yaradır. Uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində özü-özünü təcrid vəziyyətinə salmış, onsuz da iqtisadi-siyasi, sosial problemlər məngənəsində sıxılan düşmən ölkədə böhran müharibədən keçən bir il ərzində daha da dərinləşib.   

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il dövlət büdcəsinin müzakirələri zamanı ölkənin iqtisadi vəziyyətinin “faciəli” olduğunu deyib.

Paşinyan 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləsə də, əslində Ermənistanda baş nazirə qarşı olan qüvvələr də kifayət qədərdir və hər fürsətdə aktivləşərək vəziyyəti qarışdırmağa çalışırlar. Ancaq hər halda, növbədənkənar seçkilər bu ölkədə əksəriyyətin real vəziyyəti başa düşərək qəbul etdiyini, daha ciddi böhran təhlükəsi ilə qarşı-qarşıya qalmaqda maraqlı olmadıqlarını və ən əsası bundan sonra da Qarabağ məsələsinin onlar üçün yaratdığı problemlərlə yaşamaq istəmədiklərini göstərdi. Nikol Paşinyan Litva səfəri zamanı Vilnüsdəki Şərqi Avropa Araşdırmaları Mərkəzində məhz bu məqama toxunaraq müharibədən sonra Ermənistanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyin vacib olduğunu söylədi: “Vətəndaşların son 30 ildə ölkənin tarixi haqqında nə düşündüklərini dinlədik və Ermənistan və bölgə üçün dinc inkişaf dövrünün açılmasının vacibliyini anladıq.”

Prezident İlham Əliyevin “France-24” kanalına müsahibəsində və Cəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə növbəti dəfə regionun gələcək inkişafı naminə iki ölkə arasındakı ədavətə son qoyulmasının, sərhədlərin delimitasiyasının həyata keçirilməsinin, sülh müqaviləsinin imzalanmasının və bir-birinin ərazi bütövlüyünün tanınmasının, ondan sonra iqtisadi əlaqələrin bərpasının, nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini vurğulamasına və Ermənistanın baş naziri ilə görüşə hazır olduğunu bildirməsinə Nikol Paşinyanın da adekvat cavab verməsi hadisələrin bundan sonrakı müsbət dinamikasına ciddi ümidlər yaradır. Paşinyan Vilnüsdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bir daha bəyan etdi və işğaldan azad edilmiş rayonlarda minalanmış ərazilərin xəritələrini özü ilə görüşə gətirməyə hazır olduğunu dedi.

Qeyd edək ki, detalları açıqlanmasa da bundan əvvəl hər iki ölkənin xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası əsnasında ikitərəfli görüşünün də konstruktiv keçdiyi bildirilir. Bu arada, “Azərbaycan Hava Yolları” QSC oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb və uzun illərdən sonra hər iki ölkənin hava məkanlarını bir-birinə açması kommunikasiyaların bərpasının ilk nümunəsi hesab edilə bilər.

Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi konfiqurasiyasının dəyişməsi, qardaş Türkiyənin regionda siyasi nüfuzunun və rolunun artması uzunmüddətli sülhün və sabitliyin, iqtisadi inkişafın, bölgə dövlətləri arasında praktiki əməkdaşlıq çərçivələrinin müəyyən olunmasını birbaşa şərtləndirir. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Soçi görüşü zamanı əsas müzakirə mövzularından biri də Ermənistan-Azərbaycan münasibətləri oldu və hər iki dövlət başçısı görüşün çox səmərəli keçdiyini bildirdi. Təfsilatı bəlli olmasa da görünən odur ki, Cənubi Qafqazda sülhün təmin olunması, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi və yeni kommunikasiya şəbəkəsinin yaradılması hər iki dövlətin maraqları çərçivəsindədir. Vətən müharibəsinin yaratdığı reallıq nəticəsində Türkiyə Prezidentinin hələ 2008-ci ildə irəli sürdüyü “Qafqaz Platforması” təşəbbüsü yeni formatda gerçəkləşmə ərəfəsindədir və Ermənistan sürətlə inkişaf edən qardaş ölkə ilə münasibətlərini düzəltmək arzusunu gizlətmir.

Azərbaycan Prezidenti də son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı təşəbbüsləri dəstəklədiyini vurğulayıb və yeni çoxtərəfli platformanın reallaşacağını, ilkin formatında ən azı dörd ölkənin iştirak edəcəyini bildirib: “Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Biz açıq demişik ki, biz bunu dəstəkləyirik. Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz.”

Dövlət başçımızın bildirdiyi kimi, Ermənistanın düşdüyü böhrandan çıxmaq üçün başqa yolu yoxdur və baş nazir Nikol Paşinyan yeni təşəbbüslərin yaratdığı imkanın ölkəsinin gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu anlayır. Ermənistanın hökumət başçısının Rusiya Prezidenti Vladimir Putinlə iki gün öncəki 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərərfli bəyanatların həyata keçirilməsinin, habelə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların müzakirə edildiyi görüşündən sonra Paşinyan danışıqların səmərəli olduğunu bildirib. O, şəxsi “Twitter” hesabında görüşün çox məhsuldar keçdiyini yazıb: “Bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəliyi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik.” Onu da qeyd edək ki, Ermənistan mətbuatında görüş zamanı iki üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri, eləcə də Türkiyənin təklif etdiyi “3+3” formatının da müzakirə edildiyi bildirilir.

Son olaraq, Rusiya tərəfinin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında dünən Moskvada keçirilən görüşün də əsas mövzusu postmüharibə dövrü, uzunmüddətli sülhə çağırış və dinlərarası dialoq olub. Görüşün yekunları ilə bağlı danışan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır.

Beləliklə, hadisələrin gedişi regionun gələcək inkişafı naminə sülhün alternativinin olmadığını və Ermənistanın onun üçün yaranmış son imkanı dəyərləndirməyə məcbur olduğunu göstərir. Necə deyərlər, bütün yollar sülh müqaviləsinə aparır…

Mahir Rəsuloğlu, “İki sahil”