13 oktyabr 2021 17:09
1865

"Müstəqillik günü haqqında” qanun layihəsinin qəbulu tarixi zərurətdən irəli gəlir

28 May Respublika Gününün "Müstəqillik Günü", eləcə də 18 oktyabr tarixinin "Müstəqilliyin Bərpası Günü" adlandırılması o tarixdə baş verən hadisələrin mahiyyətini özündə ehtiva edir. Bu qanun layihəsinin qəbulu olduqca mühüm məsələdir və tarixi zərurətdən meydana gəlmişdir.

Bildiyimiz kimi ,18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Bildiyimiz kimi Azərbaycan Respublikası, 1918 - 1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Şübhəsiz ki, yeni qanun layihəsi də Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında varisliyin olmasını sübut edir. 

Qeyd etmək istəyirəm ki, bugünkü müstəqil Azərbaycanın dövlət atributları - gerbi, bayrağı və himni Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi atributlardır. 

Eyni zamanda vurğulamalıyam ki, 28 may tarixinin "Müstəqillik Günü", 18 oktyabr tarixinin isə "Müstəqilliyin Bərpası Günü" kimi təsdiq olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. 

Qanun layihəsinin qəbulu həm də ermənilərin əsassız torpaq iddialarına bir cavabdır. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Qarabağ, Zəngəzur, Dərələyəz, Göyçə və digər tarixi Azərbaycan torpaqlarında mütləq əksəriyyəti Azərbaycanlılar təşkil edirdi və bu ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi idi. Təəssüf ki, cümhuriyyətin süqutundan sonra bu ərazilər müxtəlif vaxtlarda qanunsuz olaraq ermənilərin işğalina məruz qalmış və ya onlara "hədiyyə" edilmişdir.

Bu gün Azərbaycan güclü, qüdrətli bir dövlətdir. Qanun layihəsinin qəbulu şübhəsiz ki, gələcək perspektivdə azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura, Dərələyəzə, və digər torpaqlarımıza dinc yolla qayıdışı üçün vacib olan əsasları daha da gücləndirəcəkdir.

Gəray Zeynallı,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi