12 oktyabr 2021 22:58
2813

Azərbaycanı ikiyə bölən bədnam sülh müqaviləsi

“Gülüstan” müqaviləsinin imzalanmasından 208 il ötür

1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində imzalanan, xalqımızın və yurdumuzun parçalanması ilə nəticələnən bu sənəd tarixi Azərbaycan ərazilərini ikiyə bölən ilk müqavilə oldu

Rusiya tarixşünaslığında “sülh müqaviləsi” kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş Qacar İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. Çünki, bu müqavilənin şərtlərinə görə,  Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın tabeliyinə keçirdi. Sonradan 1828-ci ildə, İkinci Rusiya-İran müharibəsindən sonra, Türkmənçay kəndində daha bir “sülh” müqaviləsi imzalanacaq və bu dəfə Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılacaqdı.

Hər şey çar Rusiyası ilə Osmanlı dövləti arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsindən sonra başlamışdı. Belə ki, 1806-cı ilin sonlarında Türkiyə Rusiya ilə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkan yarımadasında və Qafqazda gedirdi. 1810-11-ci illərdə Rusiya hər iki cəbhədə üstünlük qazanaraq Türkiyəni 1812-ci il mayın 16-da Buxarestdə müqavilə imzalamağa məcbur etdi. Həmin müqaviləyə əsasən, Türkiyə Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal edilməsini də təsdiqləməli oldu.

1812-ci ildə Napoleonun Rusiyaya hücumundan istifadə edərək İran vəliəhdi Abbas Mirzə rusların işğal etdiyi Azərbaycan xanlıqlarını geri qaytarmağa cəhd etsə də, general P.Kotlyarevski bunun qarşısını ala bildi. Abbas Mirzə Qarabağa daxil olub Şahbulağı tutsa da, əldə saxlaya bilmədi. Gəncəyə, Şəkiyə hücumların da nəticəsi olmadı. Ruslar irəliləyərək 1813-cü il yanvarın 1-də Lənkəran qalasını ələ keçirdilər. Rusların qələbəsindən və İranın içərilərinə doğru irəliləməsindən narahat olan ingilislər şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, Birinci Rusiya-İran müharibəsi ikincinin tam məğlubiyyətilə qurtardı və 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində tərəflər arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran şahının vəkili Mirzə Əbdülhəsən xan Şirazi və Qafqazın yeni baş komandanı Ratişşev imzaladılar. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya aid edildi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergisindən azad edirdi. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, eyni zamanda, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaqla, yerdə qalan bütün xanlıqlar - Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki Rusiyaya verilirdi. Beləliklə, 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma xalqımızın aqibətinə ayrılıq, parçalanma yazıldı.

Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri o dövrdə vahid dövlətin olmaması idi. Xanlıqlar arasında gedən daimi çəkişmələr, müharibələr onların xarici qüvvələr qarşısında müqavimətini olduqca zəiflədirdi. Müqavilədən əvvəl Azərbaycan xanları - Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan və başqaları ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün cəhdlər etsələr də, bir nəticə hasil olmadı. Beləliklə, 1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiya Azərbaycanda xeyli möhkəmləndi və "əbədi" olaraq imzalanmış "Əhdnamələr"ə məhəl qoymayaraq xanlıqları bir-bir ləğv etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsuli-idarəsi təsis edildi.

Bir məqamı da qeyd edək ki, "Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun "Azərbaycan" adına rast gəlinmir. "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmadılar. Sanki dədə malı kimi bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş.

Məlumat üçün bildirək ki, 1813-1828-ci illərə qədər Azərbaycanın ərazisi 410 min kvadratkilometr olub, o cümlədən İrandakı Güney Azərbaycanın sahəsi 280 min kvadratkilometr, Rusiyadakı Şimali Azərbaycanın sahəsi 130 min kvadratkilometr idi. 1918-ci ildə Rusiyanın təzyiqilə ermənilərə verilən İrəvan xanlığı - 9 min kvadratkilometr, Rusiya əsarəti altındakı Dərbənd xanlığı - 7 min kvadratkilometr, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi - 114 min kvadratkilometr, 1920-ci ildə ADR-i işğal edən Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Borçalının birlikdə sahəsi - 27,4 min kvadratkilometr olub.

Sevinc Azadi, “İki sahil”