KÖŞƏ

Sevinc Azadi

Ermənistanın bütün oyunları ifşa olundu - Saxta mina xəritələri

05 oktyabr 2021 23:58
1482

Məlum olduğu kimi, Gürcüstan və Rusiyanın vasitəçiliyi ilə 2 dəfə mina xəritələri qarşılığında erməni diversantların bir qismi geri qaytarıldı. Sonra rəsmən bəyan edildi ki, verilən xəritələrin yalnız yüzdə 25-i düzdür. Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması bu məsələdə vasitəçilik edən Rusiyanın, Gürcüstanın, eləcə də ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin aldadılması demək idi. Bundan əlavə, mina xəritələrinin təqdim olunması Ermənistanın sülhpərvər, humanist addımı deyil, müharibədə məğlub olan bu dövlətin Azərbaycana zərbə vurmaq, ziyan törətmək üçün assimetrik metodlarından biri, siyasi şantaj və növbəti siyasi alver gedişi idi.

Məlumdur ki, 10 noyabrda 3 dövlətin rəhbərinin imzaladığı atəşkəs sazişindən (Ermənistanın kapitulyasiya aktından) sonra erməni tərəfi Azərbaycana minalarla bağlı məlumatları təqdim etmək istəmir, gah belə xəritələrin yoxluğunu dilə gətirir, gah da terrorçuların azad edilməsinin müqabilində mümkünlüyünü deyirdilər. Hətta absurd səviyyədə cığallıqla. Hətta Ermənistanın hökumət başçısı Nikol Paşinyan bütün mina xəritələrinin Azərbaycana verilməsi haqda müxalifətin ittihamlarından qaçmaq üçün çəkinmədən "Biz minalanmış ərazilərin xəritələrini ötürmüşük (Azərbaycana), lakin bu, bizdə olan xəritələrin çox kiçik hissəsidir. Deyə bilməzdim ki, əhəmiyyətsiz, lakin kiçik hissəsidir",- söyləyirdi. Halbuki, onun mina xəritələrinin mövcudluğunu təsdiq etməsi bir neçə ay öncə ölkəsinin digər rəsmilərinin verdiyi bəyanatla daban-dabana zidd idi. Onda ölkənin Xarici İşlər Nazirliyi bildirirdi ki, Ermənistanda elə xəritələr mövcud deyil. Sanki dövlət yox, absurd teatrıdır.

Qeyd olunmalıdır ki, Azərbaycanın işğal olunmuş Cəbrayıl, Füzuli və Zəngilan ərazisində 2016-cı ildən bəri mina toxumları səpilibsə, digər üç rayon - Kəlbəcər, Ağdam və Laçında atəşkəs sazişi imzalanandan sonra basdırılıb. Tələm-tələsik, sürətlə. Bu ərazilərin minalanmış xəritəsini 10 noyabr sazişindən sonra Azərbaycana təxribat törətmək üçün gəlmiş, haqlı olaraq həbs edilmiş terrorçuların azad olunması müqabilində təqdim etməyi şərt kimi qoyurdu. Ermənistan tərəfi həyasızcasına 10 noyabr sazişindən sonra basdırdığı minaların xəritələrini 10 noyabr sazişindən sonra Azərbaycana gəlib, burada diversiya və terror törətmək istəyən bir qrup peşəkar hərbçinin azadlığı müqabilində təqdim edəcəyini bildirirdi. Tam bir terrorçu tələbi. Bəllidir ki, saziş imzalanandan əvvəl, ya sonra minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin təzahürüdür. Əgər mina “səpilməsi” prosesi (partlayıcı maddələrlə torpağın hər kv.metrinin yüksək dozada çirklənməsi mütəxəssislər tərəfindən təsdiqlənib) saziş imzalanandan sonra, digər suveren ölkənin ərazisində baş veribsə, bu, artıq beynəlxalq terrorizmdir.

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bu məsələlərə bir daha aydınlıq gətirdi, xəritələrin ciddi problemli olduğunu bir daha ifşa etdi: “İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”.

Azərbaycan Prezidenti ermənilərin növbəti oyununu beynəlxalq auditoriya üçün dəqiqliklə ifşa edərək göstərdi ki, Ermənistan sadəcə hansı ərazilərdə minaların olduğu barədə xəritələr verib, o da böyük ehtimalla natamamdır, əslində isə Azərbaycana minaların dəqiq harada basdırıldığını göstərən xəritələr verməlidir. Daha doğrusu, minalanmış ərazilərin yox, minaların özlərinin xəritəsi verilməlidir. Prezident çox haqlı və dərin məntiqlə beynəlxalq auditoriyaya dedi ki, biz ermənilərin hansı torpaqlarımızı minaladıqlarını yaxşı bilirik. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə on minlərlə mina zərərsizləşdirilməsinə baxmayaraq, mülki şəxslər arasında minaya düşənlərin sayı günü-gündən artır və bunun səbəbi bitmək bilməyən erməni vəhşiliyidir. Hətta erməni zabiti özü belə etiraf edir ki, onlar Laçını və Kəlbəcəri tərk edərkən bu ərazilərə 17 maşın mina yerləşdiriblər. Lakin artıq vaxtı çatıb ki, dünya birliyi, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana layiq olduğu sərt reaksiyanı versin. Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini heç bir şərtsiz Azərbaycan tərəfinə təhvil verməlidir. Beynəlxalq təşkilatlar bu reallığı görməlidir və işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistana təzyiqləri artırmalıdır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?