28 sentyabr 2021 17:37
145

27 Sentyabr- Tariximizin dönüş nöqtəsi

Tariximizin dönüş nöqtəsi olan 2020-ci ilin 27 sentyabr günü  hər bir azərbaycanlının xatirində fərqli, qürurverici bir gün kimi həkk olunmuşdur. Vətən müharibəsinin ilk günü - 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirərək, keçilməsi qeyri-mümkün sayılan, ən müasir mühəndis qurğuları ilə yaradılmış erməni müdafiə sədlərini yararaq bir neçə kənd, qəsəbə və strateji yüksəklik əldə etməsi ilk gündən xalqımızda və ordumuzda ruh yüksəkliyi yaratmış və əməliyyatların sonrakı gedişatı üçün mühüm rol oynamışdır. Şanlı Qələbəmiz nəticəsində Azərbaycan xalqı əbədi olaraq qürur duyacağı bir “zəfər salnaməsi”nə sahib oldu. Torpaqlarının 20 faizi işğal altında qalan, bir milyondan çox məcburi köçkünü olan, ərazi bütövlüyü təcavüzə məruz qalan xalq statusundan imtina edərək, qalib xalq adına sahib oldu. Bu Azərbaycan əsgərinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şücaətin, qəhramanlığın nəticəsi idi. Əlbəttə ki, bizlər müharibə, ölüm, itki istəyən bir xalq deyildik amma 26 il müddətində səmərəsiz qalan danışıqlar, ermənilərin vaxtaşırı həyata keçirdiyi hərbi təxribatlar, erməni  havadarlarının Azərbaycana qarşı birtərəfli, qərəzli mövqedən çıxış etməsi bu müharibəni zəruri etdi.  Sözsüz ki, müharibədə düşmən bizdən daha əlverişli bir mövqedə idi. Həm erməni silahlı qüvvələrinin o torpaqlarda 30 ildir möhkəmlənməsi, həm ərazilərin coğrafi mövqeyi Ermənistanın xeyrinə idi amma Azərbaycan xalqının, Ordusunun inamı, vətən eşqi, qalibiyyət əzmi bütün bu şərtlərdən daha güclü idi. Biz 30 ildir ki, Vətən həsrəti ilə yanırdıq, 30 ildir ki, bu haqsızlığa dözürdük amma artıq zaman yetmişdi. Artıq səbr kasası daşmışdı. Beləliklə, 27 sentyabr günü Ermənistan Silahlı Qüvvələrinin yenidən genişmiqyaslı təxribat törədərək cəbhəyanı ərazilərimizi atəşə tutması və ilk dəqiqələrdən həm hərbi qulluqçularımız, həm də mülki əhali arasında itkilər verməyimiz Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu. Müharibə başladı və 44 gün davam etdi. Hər gün Azərbaycan Ordusu irəliləyərək, qələbələr-zəfərlər çalaraq bizləri qürurlandırdı, işğala son qoydu və nəticədə 10 noyabr tarixində Ermənistan təslim olmağa məcbur oldu və kapitulyasiya aktına imza atdı. Bununla da erməni faşizminə son qoyuldu. Qeyd edək ki, Ermənistan Ordusu şanlı Azərbaycan Ordusu tərəfindən  istər texnika, istərsə də canlı qüvvə sarıdan  tamamilə darmadağın edilsə də təəssüf ki, xalqımız da şəhidlər verdi. Təsəllimiz isə odur ki, ümumilikdə Qarabağ savaşı başlayan gündən bu günədək həlak olan soyadaşlarımızın, Xocalı və digər ərazilərdəki soyqırıma məruz qalan günahsız insanların, raket zərbələri nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın, ümumilikdə şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən intiqamımızı həm torpaqlarımızı geri almaqla, həm də düşməni məhv etməklə aldıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi təsis edildi və artıq biz şanlı qələbəmizə gedən yolun birinci günü olan 27 sentyabr tarixinin birinci ildönümünü qeyd edirik. Bütün ölkə ərazisində anım tədbirləri keçirilir, şəhidlərimizin əziz xatirəsi yad edilir. Eyni zamanda ölkə başçımız da anım günü münasibətilə xalqa müraciət edərək vacib fikirlər səsləndirmiş, həm ölkə daxilində, həm də ölkə xaricində diqqət izləniləcək, təhlil olunacaq əhəmiyyətli mesajlar vermişdir. İlk olaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən ölkə başçımız görülən işlər barədə qısa məlumat vermişdir.

Ölkə başçımızın çıxışında diqqət çəkən anlardan biri şübhəsiz ki, “Dağlıq Qarabağ”ın statusu barədə ifadə etdiyi fikirlər idi. Daha öncə müxtəlif zamanlarda dəfələrlə səsləndirdiyi fikri dövlət başçımız bir daha, bu səfər daha qəti və sərt formada təkrar etdi. “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox!”. Bəli, hər kəs bu fikirləri eşitməli, anlamalı və ən yüksək şəkildə icra etməlidir. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı tərəfindən səsləndirilmişdir. Hansısa müharibə ilə, region ilə heç bir əlaqəsi olmayan qurumlar, ölkələr, təşkilatlar qıraqdan duraraq bizim üçün kağız parçasından başqa bir anlam ifadə etməyən qətnamələr qəbul edərək bizə təsir edə bilməzlər. Hazırda reallıq bundan ibarətdir ki, Azərbaycan regionun ən güclü dövlətidir və ən güclü Ordusuna sahibdir. Həmin Ordu qan tökərək, can verərək işğal altında olan doğma torpaqlarını erməni işğalından xilas edib. Haqq savaşının qalibi olub və əgər gələcəkdə nə vaxtsa ermənilər yenidən Azərbaycana qarşı hər hansı şəkildə aqressiya göstərərsə, yenidən ərazi iddiaları irəli sürərsə heç şübhəsiz qalibiyyətimizin simvolu olan “Dəmir yumruğ”un acı zərbəsinə bir daha tuş gələcəklər. Ölkə başçımızın da çıxışında ifadə etdiyi kimi, heç kəs unutmasın ki, “dəmir yumruq” yerindədir.

Loğman Müslümov, 

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini