28 sentyabr 2021 17:26
433

Şəhidlərin əziz xatirəsi Salyan rayonunda da ehtiramla yad olunub - FOTO

Salyan rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak ediblər.

Ilk olaraq rayon ərazisində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 800-ə yaxın ağac əkilib.

 Daha sonra anım tədbiri  «Şəhidlər» abidə kompleksi və Şəhidlər xiyabanında davam etdirilib. Anım tədbirinin iştirakçıları «Şəhidlər» abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırıb.

Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, şəhid atası Rövşən Mehdiyev, şəhid anası Xoşgül Axundova, şəhid atası Valeh Mehdiyev, şəhidin həyat yoldaşı Zəhra Əhmədova, «Vətən müharibəsi qəhrəmanı», polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiklərini diqqətə çatdırıblar.

Anım mərasimi məktəblilərin ifasında kompasiziya ilə davam etdirilib.

Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak edib, məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elçin Zaman, «İki sahil»