28 sentyabr 2021 17:22
478

Jalə Əhmədova: Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında mühüm məsələlərə toxundu

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda təqdim olunan çıxışında pandemiya ilə mübarizə, bu sahədə Azərbaycanın təşəbbüsləri, “peyvənd millətçiliyi”, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, Azərbaycanın 44 günlük Vətən müharibəsi, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, Ermənistanın cinayətləri, işğaldan azad edilmiş ərazilərimizin bərpası və bir sıra bütün dünyanı, o cümlədən Azərbaycanı narahat edən  mühüm məsələlərə toxundu.    

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat deyib ki, bu gün COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Peyvəndləmə kampaniyası uğurla davam edir. COVID-19-un mənfi təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb.

Bütün bunları nəzərə alaraq 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib.

Ötən dövr ərzində Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu sübut edib. Belə ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilib. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənib.

Pandemiyanın başladığı vaxtdan etibarən Azərbaycan Beynəlxalq kürsülərdən “peyvənd millətçiliyi”ni açıq tənqid edən ölkə kimi tanınıb. Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib. Ölkəmiz “Peyvənd millətçiliyi” ilə bağlı olan məsələlərə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Bu gün Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Qoşulmama Hərəkata üzv dövlətlərin legitim maraqlarını yüksək səviyyədə müdafiə edir. Bunu nəzərə alan Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasını  qərara alıblar. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu sədrlik etməsinin nəticəsidir.

Bu gün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərib.

Hazırda ölkəmiz Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Yükaşırma qabiliyyəti 15 milyon tona bərabər olan Bakı Beynəlxalq Ticarət Limanı istifadəyə verilib ki, onun gücü ehtiyacdan asılı olaraq 25 milyon tona qədər artırıla bilər.

Bu gün Azərbaycanda bərpa olunan enerji istehsalı sahəsində də böyük işlər görülür. Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. 2030-cu ilə qədər bu rəqəm 30 faizə çatdırılmalıdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır.

İqtisadi inkişafdan danışarkən qeyd etmək lazımdır ki, cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi də 18,4 faiz artıb. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji Zonasıdır. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilərək dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir.

Azərbaycan artıq Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Əgər belə bir saziş imzalanarsa, bu,  Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri də yeni nəqliyyat layihələri ola bilər. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması regionumuz üçün yeni iqtisadi imkanların yaranmasına böyük töhfə olacaq.