27 sentyabr 2021 23:15
463

Milli iradə, milli ruh, milli ləyaqət təntənəsi

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, bu Qələbə tarixdə əbədi qalacaq

Vətən müharibəsinin başlandığı  27 sentyabr 2020-ci il  tarixindən bir il keçir.  Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün  Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq  işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı  bacardı.   Prezident  İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı  Sərəncama əsasən,  27 sentyabr tarixi   Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd edilir.

44 günlük müharibə zamanı  bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də  öz canları, qanları bahasına bizə qələbə sevincini  yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi. Müraciətində «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir» deyən Prezident İlham Əliyev  bu Qələbənin tarixdə əbədi qalacağını bildirdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.»

Vətən müharibəsi  ermənilərin vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. Belə ki, döyüş meydanında məğlubiyyətləri ilə barışılmayan Ermənistan silahlı qüvvələri yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq  atəş altında oldu. Ermənistan beynəlxalq çərçivədə qadağan olunmuş silahlardan, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdi.  Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərinə diqqət yetirdikdə  çağırışlarının, mesajlarının mahiyyətində bu məqam dayanırdı ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan  ədalət,  ləyaqət,  milli qürur savaşına çıxıb. “Müharibədə tarixi Zəfərimiz  milli ləyaqətimizi, qürurumuzu, kimliyimizi özümüzə qaytardı”  

Vətən müharibəsində  «Dəmir yumruq» əməliyyatı dünyaya səs saldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yumruq gücümüzlə yanaşı, birliyimizi, həmrəyliyimizi nümayiş etdirir. Müharibə dövründə hamımızın “Öldü var, döndü yoxdur” şüarı ilə yaşadığını qeyd edən dövlət başçısı xalqımızın Azərbaycan Ordusunun arxasında dayanaraq ordumuza əlavə güc verdiyini vurğuladı: “Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur.»          Milli ruh, milli iradə, milli ləyaqətin təntənəsi olan Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi.  Azərbaycanın mərd, qorxmaz oğulları qan tökərək düşməni məcbur etdi ki,  diz çöksün və kapitulyasiya aktına imza atsın. 30 il ərzində işğalı davam edən azğınlaşmış, harınlamış düşmən bu illər ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışsa da,  dəmir yumruğumuzla onların başlarını əzə bildik.

     Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı,  fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır.

Müraciətində 44 günlük müharibə dövründə ölkəmizə  ən böyük dəstəyi göstərən  qardaş Türkiyəyə  təşəkkürünü bildirən dövlət başçısı bildirdi ki, dünya bir daha bu birliyin, dostluğun, qardaşlığın şahidi oldu:  “Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.»

44 gündə təkcə  ərazi bütövlüyümüzü bərpa edib, düşməni öz torpağımızdan qovmadıq. Eyni zamanda, erməni faşizmini məhv etdik.  Müharibədən sonra Qarabağa gələn hər kəs erməni vəhşiliyinin təzahürünü aydın şəkildə görə bilər. Şəhərlərimizin necə yerlə -yeksan edildiyi, tarixi və mədəni abidələrimizin necə dağıdılaraq təhqir edildiyi göz önündədir. Ona görə də dövlət  başçısı bu Qələbəni faşizm üzərində əldə edilən Qələbə adlandırıb.

Ermənistanda tüğyan edən azərbaycanofobiyanın, islamofobiyanın psixi xəstəlik dərəcəsinə çatdığı məsələsinə də toxunan Prezident İlham Əliyev azərbaycanlılara qarşı olan nifrətin Ermənistanda rəsmi ideologiya kimi bərqərar edildiyini vurğuladı: “Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik.» Cənab İlham Əliyev xalqa müraciətində bir daha işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələrə də mesajlarını çatdırdı: «Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!»

Bugünümüzün reallığı budur ki, artıq müharibə arxada qalıb, Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur,  işğaldan azad edilmiş  ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası günbəgün genişlənir. Azərbaycan bu addımı ilə bir daha qurucu, yaradıcı xalq, dövlət, ən əsası bu torpaqların sahibi olduğunu nümayiş etdirir. Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan  irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliym möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.

Nilufər Mustafaqızı, “İki sahil”