27 sentyabr 2021 22:07
526

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda Anım tədbiri - FOTOLAR

Sentyabrın 27-də  SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda  Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar tədbir keçirilib. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edən  “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov Ermənistanın ölkəmizə qarşı bir il əvvəl - 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığını xatırladaraq 44 gün ərzində dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki vətəndaşlarımızın, bütövlükdə xalqımızın həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsindən bəhs edib. Bildirilib ki, Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyub, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edilib. Azərbaycan öz imkanları hesabına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin edib.

İnstitutun əməkdaşları arasında da Vətən müharibəsində iştirak edənlərin olduğunu diqqətə çatdıran F. İsmayılov döyüşlərdə Silahlı Qüvvələrimizin 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğunu, min nəfərdən artıq əsgər və zabitimizin yaralandığını qeyd edib. Direktor vurğulayıb ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

F. İsmayılov bildirib ki, Azərbaycan dövləti Vətən müharibəsi iştirakçılarının  şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, onların ailə üzvlərinə və qazilərimizə diqqət və qayğı ilə yanaşır. Bu mənada ölkə başçısı şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.  Hələ müharibənin gedişi zamanı - sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşmüşdülər. Həmin görüşdə “Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq” deyən Prezident İlham Əliyev müharibə iştirakçılarına dövlət səviyyəsində olan münasibəti bir daha nümayiş etdirmiş oldu. Ötən bir il müddətdə yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər  də sübut edir ki, dövlətimiz hər zaman  əsgər və zabitlərimizin yanındadır. 

Həmçinin işğaldan azad olunmuş ərazilərdə  Azərbaycan bayrağının qürurla dalğalanmasından danışan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hazırda abadlıq-quruculuq işləri aparıldığını qeyd edib.  Vurğulanıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri artıq bir sıra əlamətdar tədbirlərə ev sahibliyi etməkdədir. Qarabağın, Şərqi Zəngəzurun əsl sakinləri yaxın vaxtlarda doğma yurd-yuvalarına qayıdacaqlar.

Ceyhun Piriyev, “İki sahil”