27 sentyabr 2021 21:58
450

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpasıdır

Bu, həm də ermənilərin hələ də xəyal etdikləri «status» məsələsinin dəfn edilməsidir

2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı  hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu,  Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən hər gün geri çəkilməyə, işğaldakı torpaqlarımızı azad etməyə məcbur edildi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq əsgər və zabitimiz itkin düşmüş, min nəfərdən artıq hərbi döyüşçümüz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Bəli, 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda tamamilə fərqli və həm də xoş bir mənzərə yaradıb. Məhz rəşadətli Azərbaycan Ordusunun döyüş meydanlarında yaratdığı qələbələr silsiləsi faşist Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu isə bölgədə yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Xüsusilə Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlarda «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» imzaladığı Fərman bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Fərmana əsasən, ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. Yeni təsnifat Azərbaycanın Qələbəsindən sonra yaranan yeni reallıqlara uyğun aparılır. Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Bu həm də psixoloji baxımdan uğurlu bir addımdır. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir. Bu addım bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir.

İşğaldan azad olunmuş torpaqlarımızda yeni iqtisadi rayonların yaradılması həm də Azərbaycan Rusiya və Ermənistan arasında  imzalanan 10 noyabr və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur, eyni zamanda, həmin bəyanatların maddələrinin maneəsiz və rasional şəkildə reallaşdırılması deməkdir. Həmçinin Ali Baş Komandanın Fərmanı ilə iqtisadi rayonların sayının 10-dan 14-ə çatdırılması ölkədə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirəcək. Hazırda Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələ  Qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var. Bir sözlə, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur.

İqtisadi rayonların yeni təsnifatına yeni adda, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji,  həm iqtisadi, həm də təbii ki, tarixi baxımdan kifayət qədər vacib bir qərardır. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının Zəngəzur dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində yerləşməsi, eyni coğrafi məkanda olması, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində, yəni tarixən birlikdə olması həmin rayonların eyni iqtisadi zonada birləşməsini əsaslandırır ki, bu, məhz tarixi ədalətin bərpası olduğunu isbatlayır. 

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması  artıq bütün dünyaya verilmiş və qələbəmizlə möhürü vurulmuş «Qarabağ Azərbaycandır!» şüarının növbəti rəsmi ifadəsi hesab edilir. Fərman, həmçinin ermənilərin «status» məsələsini birdəfəlik dəfn etdi. Onların kabusuna çevrilən məsələ odur ki, Şərqi Zəngəzur iqtisadi rayonunu yaradan Azərbaycan  tarixi torpaqları olan Qərbi Zəngəzura da nə vaxtsa sahib olacaqdır. Xüsusilə bu məsələdə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün bir öhdəlikdir və ermənilər bundan imtina keçə bilməyəcəklər.

Elçin Zaman, «İki sahil»