27 sentyabr 2021 15:37
495

Elm adamları ürəyi izləyən ağıllı köynək hazırlayıblar - FOTO

Elm adamları "narahat" ağıllı saatlar taxmağı sevməyən sağlam həyat tərzi həvəskarları üçün bir həll yolu olduğunu iddia edirlər. Texasdakı Rays Universitetinin mütəxəssisləri maşında yuyula bilən və ürəyi izləyə bilən ağıllı bir köynək hazırlayıblar.

Ultra nazik karbon nanoborulardan olan liflər pambıq liflərə çox bənzəyir. Standart tikiş maşınından keçən adi gündəlik köynəkdəki karbon nanoboru istifadəçinin nəbzini yoxlayır, nəbzi və ürəyin fəaliyyətini izləyərək, davamlı elektrokardioqramı (EKQ) qeyd edir.
"Yaxşı dəri təması, bio uyğunluq və yumşaqlığın birləşməsi karbon nanoboru filamentlərini geyinilə bilən cihazların təbii komponentinə çevirir", -deyə Rays Universitetinin mühəndisi Matteo Pasquali bildirib. Tədqiqatçıların dediyinə görə, liflər metal tellər kimi keçiricidir, lakin yuyula bilir, rahatdır və bədən hərəkətdə olduqda qırılma ehtimalı azdır.

Ürəyi rahat izləməsi üçün köynəyin “əsas şərti” sinə hissədə tam oturmasıdır.

Bu yeni kəşf haqqında Amerika Kimya Cəmiyyətinin “Nano Letters” jurnalında ətraflı məlumat dərc edilib.

Nubar Süleymanova, “İki sahil”