27 sentyabr 2021 12:09
615

Rasiona daxil edilməli olan 5 ən faydalı ət növü/FOTO

Heyvan ətlərinin bir neçə növü insan orqanizmi üçün digərlərindən daha çox faydalıdır.

Ümumilikdə ət məhsulları vitamin və qidalandırıcı maddələrlə çox zəngindir. Əti necə seçmək, hansı heyvan ətlərinə üstünlük vermək, ətdən sağlamlıq və gözəllik üçün maksimum necə faydalanmaqla bağlı Avstriyanın “Verba Mayr” sağlamlıq mərkəzinin həkimi İnna Reşetovanın fikirlərini sizə təqdim edirik:

Günümüzdə sağlam qidalanma və vegeterianlıqla bağlı konsepsiyanın populyarlaşmasına baxmayaraq, ət hələ də insanların başlıca qida mənbəyi olaraq qalır.Tərkibi vacib minerallar, mikroelementlər və amin turşuları ilə zəngin olan ətin yerini rasionda tamamilə əvəz edə biləcək layiqli analoqu tapmaq hələki praktiki olaraq mümkün olmayıb.

Bu məhsulun böyük çeşidi arasında qida mütəxəssisləri hind quşu, at əti, quzu, dovşan və keçi ətini xüsusilə vurğulayırlar. Bu dadlı və qidalı ət növlərinin orqanizmə hansı faydaları var?

At əti

At əti haqlı olaraq ekoloji cəhətdən ən təmiz ət hesab olunur. Tərkibində müxtəlif antibiotiklər və digər təhlükəli bioloji əlavələr yoxdur, maqnezium, dəmir, mis, riboflavin kimi faydalı maddələrin anbarıdır. Bundan əlavə, at əti qətiyyən allergiya yaratmır, buna görə də, körpə qidası kimi də uyğundur.

Quzu əti

Çoxları quzu ətini yağlı və zərərli kabablarla əlaqələndirir. Əslində bu doğru deyil. Əlbəttə ki, quzu ətində müəyyən miqdarda yağ vardır. Lakin konsentrasiyası heç də kritik deyil, çünki quzu ətinin tərkibi bədəndəki xolesterinin səviyyəsini tənzimləyən lesitinlə də zəngindir.

Dovşan əti

Əksər mütəxəssislər haqlı olaraq dovşan ətini ən pəhrizli və hipoallergen ət hesab edirlər. Tərkibində çoxlu protein var, orqanizm tərəfindən tamamilə sorulur və yağ mübadiləsinin sürətlənməsini təmin edir. Ləzzətli və sağlam dovşan yeməkləri mədə -bağırsaq traktının xəstəlikləri olan insanlar, kiçik uşaqlar üçün uyğundur, mədədə ağırlıq və şişkinlik hissi yaratmır.

Keçi əti

Çoxları üçün qeyri -adi olan bu növ ət, incə teksturası, xoş dadı və az yağlı tərkibi ilə seçilir. Pəhriz və ya müalicəvi qidalanma üçün idealdır. Bundan əlavə, keçi ətinin tərkibində dəmir və müxtəlif antioksidantlar var. Bu məhsulu istehlak etmək xolesterolu azaltmağa kömək edir və bədəni vacib qida maddələri ilə təmin edir.

Hind quşu (hinduşka)

Hind quşu ətində digər quş əti növlərinə nisbətən daha az yağ və kalori var. Tərkibindəki protein miqdarı baxımından isə toyuq ətindən heç də aşağı deyil. Bundan əlavə, hinduşka zəngin B vitamini, niasin, fosfor və selenium mənbəyidir. Aşağı kalorili olmasına baxmayaraq, bu quşun əti çox qidalıdır, yəni pəhriz üçün uyğundur və insanı uzun müddət tox saxlayır.

Nubar Süleymanova, “İki sahil”