22 sentyabr 2021 17:26
864

Məktəblərdə yeni tədris ilinin Zəfər sədalı ilk zəngi çalındı - REPORTAJ

Zəfər soraqlı, qələbə sevincli, cəngi sədalı, Xudayar təsnifli dərs iliniz mübarək olsun!

Nəhayət ki, həmin gün gəlib çatdı. Sentyabrın 22-də orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başladı, məktəb qapıları şagirdlərin və müəllimlərin üzünə açıldı.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. I sinifdə 49 171, IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin oxuması ehtimal olunur.

Onu da xatırladaq ki, təhsil müəssisələrində ilk dərslər Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

“İki sahil” Bakı şəhəri Suraxanı rayonunda yeni fəaliyyət başlayan 172 nömrəli tam orta məktəbdə dərs ilinin başlaması prosesini izlədi.

Məktəb həyətində daxil olduqda əlində gül dəstəsi, çiynində məktəbli çantası, yarıyuxulu, həyəcanlı, ilk dəfə məktəbə qədəm qoyan, parta arxasında əyləşəcək birinciləri və şagirdlərinin balaca əllərindən tutaraq təhsil pillələrini bərabər qalxmaq üçün səbirsizlənən müəllimləri gördükdə günün özəlliyini hiss etməmək, sevincdən şadlanmamaq, yenidən məktəb illərini, müəllimləri yada salmamaq mümkün deyildi.

Bu il digər tədris ilindən fərqli olaraq valideynlər övladlarının ilk dərs günü həyəcanını, sevincini yanlarında olaraq deyil, pandemiya qaydalarına uyğun olaraq kənardan izləyirdilər. Məsafənin uzaq olmasının önəmi yox idi, çünki qəlblər bir idi...

Birincilər üçün Zəfər sədalı ilk məktəb zəngi

Yeni fəaliyyət başlayan 172 nömrəli tam orta məktəbdə yeni tədris ilinin ilk günü münasibətilə pandemiya qaydalarına uyğun olaraq tədbir təşkil olundu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva iştirak edirdi. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Daha sonra çıxış edən 172 nömrəli məktəbin direktoru Vəfa Bağırova qeyd etdi ki, dövlətimizin qayğısı nəticəsində müasir görünüşlü, gözəl şəraitli məktəb istifadəyə verilib. O, dövlət başçımıza təhsilə göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi.

Məktəb direktoru şagirdlərə uğurlar diləyib, valideynləri təbrik etdi: “Bu gün xüsusilə həyəcanlı olan birinci siniflər və onların valideynləridir. Birincilər üçün Zəfər sədalı ilk zəng çalınacaq, onlar məktəbin ilk pilləsinə qədəm qoyacaqlar. İnşallah 11 il sonra da son zəng tədbirlərinə yığışmaq nəsib olar.”

Vəfa Bağırova valideynlərə müraciət edərək vurğuladı ki, şagirdlərin təhsil prosesində uğur qazanmasına qarşlıqlı şəkildə əməkdaşlıq edərək nail olacağıq.

Direktor qeyd etdi ki, müəllimlərimiz övladlarımıza təhsil ilə yanaşı, təlim, tərbiyə, qayğı və sevgi də göstərirlər. Onlara bu şərəfli yolda əzm, tükənməz qüvvət, dözüm və səbr arzu edirəm.

Qürur hissi ilə yeni tədris ilinə başlayırıq

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara uğurlar arzuladı: “Bu gün bizim üçün böyük bayramdır. Tarixi Zəfərimizin bizə bəxş etdiyi birliyin və həmrəyliyin davamı kimi bir yerdəyik. Şanlı Qələbəmiz bizi qürurlandırıb. Bu gün qürur hissi ilə yeni tədris ilinə başlayırıq. Qələbə ilinin ilk birinciləri dərsə gəliblər. Əziz birincilər, sizin məsuliyyətiniz daha böyükdür. Siz, tarixi Zəfərimizdən sonra məktəbə qədəm qoyan birincilərsiniz. Siz, qalib ölkənin ilk birincilərisiniz. Siz daha məsuliyyətli yoldasınız. Sizin uğurlu olmanız Azərbaycanın 10 ildən sonra uğurlu olması deməkdir. Sizə bu gözəl yolda açıq səma, uğurlu yol arzu edirəm. Diləyirəm ki, zəkalı, güclü övladlar kimi Vətənin əsl vətəndaşına çevriləsiniz. Əziz balalar, yolunuz açıq olsun, iliniz uğurlu gəlsin. O gün olsun ki, siz bu məktəbi çox böyük uğurlarla başa vurasınız. “

M.Vəliyeva gənc nəslin tarixi Zəfərimizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin, keyfiyətin artırılmasının və mövcud şəraitdən irəli gələn qaydalara əməl olunmasının əsas hədəflərdən olduğunu bildirdi.

Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini vurğulayan İdarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışdı: “Bu gün 7-yə yaxın məktəb əsaslı təmirdən çıxaraq balalarımızın ixtiyarına verilib. 5 yeni məktəb tikilərək şagirdlərinin istifadəsinə verilib. Bu, dövlətimizin təhsilə olan qayğısıdır. Bizə bu qürur hissini yaşadan, bu cür şərait yaradan dövlət başçımıza dərin hörmət və ehtiramımızı ifadə edirik. Eyni zamanda, aydın səma altında yaşamağı bizə bəxş edən, ərazi bütövlüyümüz uğrunda canından keçən hər bir şəhidimizin ruhu qarşısında baş əyirik. Qazilərimizin hər birinə cansağlığı arzu edirik.”

M.Vəliyeva şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı dilədi, mövcud qaydaların tələblərinə əməl olunmasının vacibliyini qeyd etdi: “Əminəm ki, şagirdlərimiz Zəfər tarixinin hər bir səhifəsini öyrənəcək, heç zaman unutmayacaq, şanlı Qələbəmizin bəxş etdiyi qürurla məğrur şəkildə gələcəyə addımlayacaqlar.

BŞTİ müdiri sonda xatırlatdı ki, təhsilin uğurlu olması təkcə müəllimdən deyil, həm də valideyn və şagirddən asılıdır: “Bu gün hər birimiz valideyn, şagird, müəllim məsuliyyəti ilə bu balaların işıqlı gələcəyi üçün çalışacağıq. Bu gözəl məktəbdə uğurlu müəllim-şagird-valideyn üçbucağını qoyaraq və onların  uğurlu gələcəyinə əmin olaraq buradan getmək istəyirəm. Sizin birgə fəaliyyətiniz həm də məktəbin uğurlu fəaliyyəti deməkdir.”

Tədris ilinin ilk günündə müəllim və şagirdlərin hisslərini öyrənməyi də unutmadıq:

Distant təhsildən ənənəvi təhsilə keçid etdik

172 nömrəli məktəbin müəllimi Nəzrin İbrahimova qeyd etdi ki, bu il yeni məktəbdə yeni tədris ilinin ilk günüdür: “Həyəcanlı və sevincliyik. Şagirdlərimin hər birinə uğurlar arzulayıram, onları səmimi qəlbdən təbrik edirəm. İnşallah, bu il hər birimiz üçün düşərli olar. Bir yerdə yeni uğurlara nail olaraq. Pandemiya səbəbindən təşkil olunan distant təhsildən ənənəvi təhsilə keçid etdik. İnşallah, xeyirli olar.”

Yeni açılan tədris müəssisəsində şagirdlərimizin təlim-tərbiyəsinə, təhsilinə töhfə verəcəyik

Məktəbin digər ibtidai sinif müəlliməsi Elnarə Məmmədova da yeni tədris ili münasibəti ilə hər kəsi təbrik etdi: “Arzu edirəm ki, bu çətin və eyni zamanda, şərəfli yolda qazanacağımız müvəffəqiyyətlər bol olsun. İnşallah yeni açılan tədris müəssisəsində uğurlarımızla, keyfiyyətli fəaliyyətimizlə müəllim kollektivini, valideynləri sevindirək, şagirdlərimizin təlim-tərbiyəsinə, təhsilinə töhfə verək.”

Şagirdlərimə zehin açıqlığı və dərslərindən əla qiymətlər almağı arzu edirəm

172 nömrəli məktəbin müəllimi Xəyalə Əhmədova  isə qeyd etdi ki, bu məktəbdə müəllim kimi fəaliyyətinin ilk ilidir: “Uşaqlar da, məktəb də yenidir. İnşallah ki, həm mənim, həm şagirdlərim, həm də məktəbimiz  üçün xeyirli və uğurlu olar. Şagirdlərimə zehin açıqlığı və dərslərindən əla qiymətlər almağı arzu edirəm.”

Bütün övladlarımız xalqa, dövlətə layiq vətəndaş kimi böyüsünlər

Müsahibə üçün valideynlərə müraciət etdik. Valideyn Rüfət Məmmədov sevincli hissi ilə mikrofonumuza yaxınlaşdı: “Qızım Kübra birinci sinifə gedir. Çox sevinirəm ki, övladım rifah halında, sülh şəraitində məktəbə qədəm qoydu. Ən gözəl məqamlardan biri də odur ki, məktəbin geniş, müasir görünüşü var. İnşallah hamının balasına gözəl günlər qismət olsun. Arzu edirəm ki, qızım necə ki, bu gün birinci sinifə gedib, o gün olsun ki, 11-ci sinifi müvəffəqiyyətlə bitirsin. Qızımın timsalında bütün övladlarımız bilikləri, intellekti, dünyagörüşü, vətənpərvərliyi ilə xalqa, dövlətə layiq vətəndaş kimi böyüsünlər.”

Təbii ki, günün əsas  qəhrəmanları olan birinciləri, ibtidai sinif şagirdlərinin özəl duyğularını da öyrənməsək olmazdı. Sıralarda yorğun dayanan balaca fidanlar sinif otağına daxil olduqdan sonra aktivləşdilər. Şeir demək, danışmaq üçün səbirsizlənirdilər.

Şagirdlər məktəbi çox sevdiklərini bildirdilər. Dərslərdən əla qiymətlər alacaqlarına söz verdilər. Böyüyəndə həkim, müəllim, polis, əsgər olmaq istədiklərini bildirdilər. Sonda vətənpərvərlik mövzusunda  şeirlər də dedilər.

“İki sahil” olaraq yeni tədris ili münasibətilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik edir, onlara uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”