KÖŞƏ

Elçin Zaman

Dəmir yumruğun vahiməsi

11 avqust 2021 22:17
1720

Ermənistan xarici qoşunlardan özünə «qalxan» düzəltmək istəyir

Ermənistanın Azərbaycan ilə  sərhəddə silahlı qarşıdurma yaratması bir daha göstərir ki, Nikol Paşinyan seçkilərdən sonra münaqişənin davam etdirilməsi strategiyasını seçib. O, hələ də 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bu isə o deməkdir ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina etməklə ölkəmizin ərazi bütövlüyünü tanımamaq niyyətini büuizə verir.

Qeyd edək ki, hələ də Ermənistanın silahlı qüvvələri  Azərbaycan ərazilərindən tam çıxarılmayıb. 10 noyabrBəyanatına görə, Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki qəsəbəsinin azad edilməsi reallaşmayıb. Eyni zamanda, bu Bəyanata uyğun olaraq Rusiyanın sərhəd qoşunlarının nəzarəti altında Zəngəzur dəhlizinin təmin edilməsi yubadılır.

Bəli, bütün bunlara  rəğmən Paşinyan Azərbaycana qarşı bu çirkli  siyasətin ciddi risklərini anlayır və növbəti dəmir yumruğun hədəfi olacağından da ehtiyat edir. Lakin bu rəzil baş nazir Azərbaycanın ehtimal olunan cavab hərəkətlərinə qarşı «canlı qalxan» kimi xarici ölkələrin qoşunlarını  sərhəddə yerləşdirməyə çalışır. Təbii ki, Paşinyanın  bu avantürist siyasətinin  nəticəsi yalnız Ermənistana məğlubiyyət gətirə bilər. Ona görə ki, Paşinyanın hazırda yürütdüyü siyasət Azərbaycana beynəlxalq hüquq normaları çərçivəsində güc yolu ilə mübarizə aparmaq hüququ verir.

Ermənistandakı anti-Rusiya qüvvələrin tələbi: Artıq Rusiya ilə vidalaşmağın vaxtıdır

Bu arada Ermənistanda anti-Rusiya qüvvələri də fəallaşıblar. Erməni siyasi analitik Qalust Qriqoryan bildirib ki, Qərb Ermənistana Rusiyanın qandallarından yaxa qurtarmaqda kömək edəcək və İrəvanın bütün Putin ittifaqlarından çıxmasına dəstək olacaq. Onun sözlərinə görə, ölkəsinə kağız üzərində zəmanət deyil, Ermənistanın NATO və Aİ-yə qəbulu ilə bağlı konkret addımlar lazımdır: «Qərb bizdən başqa  şeylər gözləyir. İlk növbədə Rusiya ilə sağollaşmağı. Axı, Qərb Rusiya və Belarusa sanksiyalarla təzyiq göstərir, İrəvan isə bu ölkələrlə eyni bloklarda olmağa davam edir. Əgər biz Qərbə «hə» deyiriksə, Rusiyaya da  «yox» deməliyik».

Bu arada Ermənistan hakimiyyəti Qarabağdakı ermənilərin oranı tərk etməməsi üçün ciddi səylər göstərsə də köçün qarşısını ala bilmir. Artıq ermənilər Qarabağı yeganə yolla - Laçın dəhlizi ilə tərk edirlər. Onlar anlayırlar ki, Azərbaycan Ordusu gec- tez Xankəndinə daxil olacaqdır. Eyni zamanda, Prezident İlham Əliyev özünün son müsahibələrində ermənilərə yenidən və ciddi şəkildə mesaj verdi ki, «status» məsələsi tarixin arxivinə atılıb:«Məntiq haradadır ki, 25 min adam üçün status yaradılsın?»

Təbii ki, bu rəqəmlər havadan götürülməyib. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə avtomobillərin hərəkəti haqda tam informasiyaya malikdir: «Orada yaşayanların real  sayı 25 min nəfərdir. Başqa rəqəmlər də səsləndirilib, müharibədən sonra 50 mindən çox adamın geri qayıtdığı deyilib. Mümkündür, amma o demək deyil ki, geri qayıdanların hamısı orada qalıblar. Qayıdıblar, sonra gediblər. İkincisi, bizim müxtəlif vasitələrimiz var, peykimiz var. Oradakı maşınların sayını bilirik, insanların hərəkətini görürük. Bizdə nə baş verdiyi barədə müxtəlif mənbələrdən toplanmış kifayət qədər məlumatlar var. Biz müharibədən əvvəl də bilirdik ki, orada nə baş verir.»

Qarabağdan erməni köçü  davam edir- son bir ayda Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb

Müşahidələrə görə, son bir ayda Laçın dəhlizi ilə Qarağağın dağlıq hissəsinə  Ermənistandan 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Fərq isə böyükdür-6100 avtomobil. Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb. Yəni, Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir.

Qarabağ separatçılarının nümayəndəsi, özünü qondarma qurumda «xarici işlər naziri» adlandıran David Babayan da Rusiyanın «Komsomolskaya Pravda» qəzetinə müsahibəsində etiraf edib ki,  «Doğrudur, əhalinin köçü başlayıb. İnsanlar sadəcə olaraq yaşamaq istəyirlər. Hər kəs özünü missioner və ya apostol hesab etmir. Ermənilər çıxıb gedəcəklər, cəbhə boşalacaq. Biz onlara başa salmalıyıq ki, ruslar bura həmişəlik gəliblər.»

«Komsomolskaya Pravda»nın müxbiri isə yazısında bildirib ki, hər tərəfdə Azərbaycan qoşunlarıdır. Xankəndi sakinləri sabaha ümidlərini itiriblər. Qarabağda qalan ermənilər ümidlərini Rusiya sülhməramlılarına bağlayıblar, amma bununla belə başa düşürlər ki, onlar regiona həmişəlik gəlməyiblər.

Erməni jurnalist  Tsovinar Barxudaryan «Eurasianet» portalına müsahibəsində deyir ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir: «Gələcək aydın deyil. İnsanlar düşünürlər ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki dörd il sonra»

Qeyd edək ki, hətta Ermənistan hökuməti ermənilərin Xankəndidən qaçmamaları üçün stimullaşdırıcı vasitələrdən istifadə edir. Belə ki, qalan ermənilərin kirayə haqqı və kommunal xidmətləri subsidiyalaşdırılır, itirilmiş evlərə görə kompensasiya ödənilir. Lakin errməniləri bütün bunlar qane etmir və gələcək həyatlarından ciddi narahatlıq keçirirlər. Onların hər biri dərk edir ki, bura onların evi deyil. Bu torpaqların əsl sahibləri var və onlar həmişəlik qayıdıblar. Nə Ermənistan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?