27 iyul 2021 10:05
512

YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirilib FOTO

İyulun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin sədri Eyyüp Kadir İnanla görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Gənclər Birliyinin sədri Azərbaycan və Türkiyənin hakim partiyalarının gənclər təşkilatları arasında əlaqələrin mövcud durumu və gələcək inkişafı ilə bağlı fikirlərini bildirib. Ötən ay Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində keçirilən görüşü xatırladan B.İslamov bu görüşlərdə aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib.

“YAP və AK Partinin gənclər təşkilatlarının münasibətləri uğurla inkişaf edir. YAP və AK Parti gənclərinin birgə fəaliyyətinin əsas məqsədi cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi gənclərimizin bir-birinə daha da yaxınlaşması, vahid amal ətrafında birləşməsi olmalıdır. İnanırıq ki, bu dostluq və qardaşlıq münasibətləri gələcək nəsillərə də miras kimi qalacaqdır” - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin sədri Eyyüp Kadir İnan Azərbaycana səfərdən məmnunluğunu ifadə edib, hər iki ölkənin qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan gəncliyi bu əlaqələrə layiqli töhfələr vermək əzmindədir.

Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının gənclər qarşısında qoyduğu vəzifələrin, müvafiq tövsiyələrinin yerinə yetirilməsi istiqamətində görüləcək işlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP və AK Partinin gəncləri tərəfindən həm beynəlxalq platformalarda vahid mövqedən çıxış etmək, həm də dünyanın müxtəlif ölkələrində yaşayan türk və azərbaycanlı gənclərlə milli maraqlarımızın, ortaq dəyərlərimizin qorunması və təbliği istiqamətində fəal iş aparmaq qarşıda dayanan əsas vəzifələrdən biridir.

Görüşdə YAP və AK Partinin gənclər təşkilatları arasında gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir və təkliflər diqqətə çatdırılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.