KÖŞƏ

Mahir Rəsuloğlu

Əllidən ikisi... Uğurlarımıza sevinməyən bizdən deyil!

17 iyun 2021 23:16
1881

Künc zərbəsi

Şuşanın göz yaşlarını gördünüz? 28 il kafir yağının əsarətində qəddini, qürurunu əyməyən Şuşa Cıdır düzünü murdarlayan düşmən sevinməsin deyə bağrına daş basmışdı ağlamamaq üçün. Sona qədər məğrur dayanmışdı “Cəngi”yə, “Yallı”ya təşnə ulu türk yurdu. Dözmüşdü, gözləmişdi... Ancaq bu dəfə ağladı Şuşa! Sevincindən gözləri doldu, sonra Kirs dağını titrədən hönkürtüylə ağladı! Uzun və əzablı ayrılıqdan sonra Balasına qovuşan Ana kimi!

Biz, dünyanın yeni xəritəsinin çəkildiyi, güclər balansının dəyişdiyi dövrün şahidi olanlarıq. Biz bizim üçün şərəfli tariximizin yeni səhifələrinin qızıl hərflərlə yazılmasının şahidi və iştirakçısı olanlarıq.

...Və bu günlər “iki qardaş ölkənin Prezidentləri erməni işğalından azad edilmiş qədim türk şəhəri Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar” deyə xatırlanacaq. Xalqlarımız, millətimiz və dövlətlərimiz adına nə qədər mühüm, tarixi, gələcəyə hesablanmış bir Bəyannamə olduğunu anlamaq üçünsə, dərin siyasi savada ehtiyac yoxdur.

Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın mühüm tarixi və strateji əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinə dəstək bəyanatı bir daha taleyüklü məqamlarda bir olmağı bacardığımızı göstərir. Bəyanatı imzalamayanlara gəlincə...

Həm AXCP, həm də Müsavat Partiyasının rəhbərliyi torpaqlarımızın işğaldan azad edilməsi üçün qanlı döyüşlərin getdiyi günlərdə də siyasi ambisiyalarını, şəxsi maraqlarını kənara qoya bilmədilər. Ya bəlkə Azərbaycanı istəməyənlər tərəfindən icazə verilmədi Əli Kərimliyə, Arif Hacılıya? Vətən müharibəsində hətta qardaş Türkiyənin qatı müxalifət partiyaları da ölkəmizə mənəvi, siyasi dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğana, Azərbaycana həmrəylik nümayiş etdirdilər. Təsəvvür edirsiz?

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütün bəndləri ilə ölkələrimizin gələcək inkişafının yol xəritəsidir, tərəqqiyə, sülhə və sabitliyə çağırışdır, təhlükəsizliyimizin təminatı baxımından atılmış ciddi addımdır. Odur ki, təəccüblüdür, Azərbaycanı sevən, düşünən bu Bəyannaməyə dəstək verən bəyanatı niyə imzalamasın ki?     

Əslində heç təəccüb doğurmur da. Çünki...

Dövlətini, millətini və xalqını sevən hər kəs bu böyük tarixi hadisənin sevincini yaşayır, yaşamalıdır! Bu böyük amal üçün birləşib, birləşməlidir! Bu yolda yanımızda, bizimlə birlikdə olmayanlarsa bizdən deyil və ola da bilməz.

Mahir Rəsuloğlu
Dalan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?