KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistan yeni reallıqla barışmalıdır

26 may 2021 01:33
2009

Mayın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə dövlətimizin başçısı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, uzun illər ərzində Ermənistanın siyasi-ideoloji rəhbərliyi Azərbaycanla bağlı tamamilə qeyri-real mənzərə yaradıb, saxta, uydur­ma təbliğat aparıb. Ona görə də indi Ermənistan bunun ağrılarını, fəsadlarını yaşayır, düşdüyü dərin sosial-iqtisadi, siyasi böhrandan yaxa qurtara bilmir. Elə bu kimi səbəblərdən də fürsət tapan hər bir Ermənistan vətəndaşı öz ölkəsini dərhal tərk edir. Digər tərəfdən, ölkədə ciddi etirazlar var, hamı bir-birini ittiham edir, işğalçı ölkə xaosun tam içindədir.

Amma Vətən müharibəsində məğlub olan işğalçı ölkə hələ də öz ampulasındadır, yəni gələcək haqqında əsla düşünmür. Belə ki, Azərbaycanın xoş məramına baxmayaraq, son günlər siyasi, iqtisadi böhran məngənəsində boğulan Ermənistan siyasi dairələrində azərbaycanofobiya güclənib, eyni zamanda, revanşist hisslər geniş yayılıb. Halbuki onlar hələ də anlamırlar ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Belə ki, bu ölkənin liderləri vaxtında düzgün istiqamət götürsəydilər, normal qonşuluq siyasəti aparsaydılar, xalqımıza qarşı etnik təmizləmə həyata keçirməsəydilər, bir milyondan çox insanı öz evlərindən məcburi şəkildə didərgin salmasaydılar, Azərbaycanın əzəli torpaqlarına göz dikməsəydilər, araya nifaq salmasaydılar bu vəziyyətə düşməzdilər.

Şübhəsiz, bütün bunlar bölgədə Azərbaycan tərəfindən yaradılmış yeni reallıqla uzlaşmır. Bu, həm də onu göstərir ki, erməni cəmiyyəti hələ də normal davranışa hazır deyil.

Bəs Ermənistanın məqsədi nədir? Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunduğunu nəzərə alsaq, demək olar ki, Ermənistan bu kimi addımlarla bölgədə yeni təhlükə mənbəyi yaratmaq məqsədini istəyir. Şübhəsiz, bu məsələdə son günlərdə bəzi dövlətlərin rəsmilərinin və xarici dairələrin münaqişənin həll olunmadığını, problemin hələ də davam etdiyini söyləmələri də müəyyən rol oynayır. Amma onlar bir həqiqəti yenə unudurlar. Sual olunur: Münaqişə davam edirsə, bəs onda bölgədə aparılan işlərdən bəhs etmək olarmı? Halbuki region ölkələri üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılması prosesinə başlanılıb. Digər tərəfdən, Azərbaycan artıq işğaldan azad etdiyi ərazilərdə abadlıq işləri aparır və onun bu addımı dünya dövlətləri, o cümlədən ABŞ, Rusiya tərəfindən birmənalı dəstəklənir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən tədbirdə dövlətimizin başçısı deyib: “Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir.”

Bu səbəbdən münaqişənin həll olunmadığını bildirən və məsələyə müdaxilə etməyə çalışan qüvvələr əvvəlcə bu reallığı nəzərə almalıdırlar.

Bir sözlə, Ermənistanın indiki çağırışları təcavüzkar dövlətin odla oynamasına anlamına gəlir. Amma gərək onlar odla oynamasınlar. Bu məqamda Prezidentimizin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, onları dərhal məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var”. Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olar ki, bu yaxınlarda Ermənistan Cənubu Qafqaz regionunda  yaradılmış yeni reallıqla tam barışmaq məcburiyyətində qalacaq. İşğalçı ölkə bununla həm də öz dərdlərinə çarə etmiş olacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?