KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanın nicat yolu

25 may 2021 01:14
1066

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri işğalçı ölkəyə nələr vəd edir? Seçkilər İkinci Qarabağ müharibəsində məğlub olan, bu səbəbdən tarixinin ən ağır, həm də rüsvayçı günlərini yaşayan işğalçı Ermənistanda baş alıb gedən böhranlara son qoya biləcəkmi? Görünən odur ki, seçkilər bu ölkədə heç nəyi dəyişdirməyəcək. Bəs 44 günlük müharibədə beli bükülmüş Ermənistanın düşdüyü labirintdən çıxış yolu varmı?

Bəli, var. Özü də bu yolu Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə göstərib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən regionda yeni reallıq yaradıldığını vurğulayan dövlətimizin başçısı bildirib ki Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar, ilk növbədə, Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılmasının sürətləndirməlidirlər. Ermənistan həm də dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışmaqdan, Dağlıq Qarabağın statusu ilə bağlı iddialarından keçməlidir.

Prezidentimizin fikrincə, bütün bu kimi məsələlərə son qoymaqda sülh  sazişi önəmli rol oynaya bilər. Sülh sazişinin hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın bunu etməyə hazırıq olduğunu da  bildirib: “Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır.”

Dövlətimizin başçısı, həmçinin Azərbaycanın bu istiqamətdə atdığı addımlardan da danışıb. Bildirib ki, hazırda Ermənistan vətəndaşlarına işğaldan azad edilmiş ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə verilib. Rusiya tərəfdə təmir işləri aparılanda “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql olunub. Şübhəsiz, bunları Azərbaycan tərəfindən xoş məramın ən bariz göstəriciləri kimi dəyərləndirmək olar. Cənab İlham Əliyev belə bir fikri də diqqətə çatdırıb:  “Əslində, biz artıq əməkdaşlıq edirik. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar.” Dövlətimizin başçısı deyib ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır: “Çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.” Bu da Azərbaycan xalqının, Azərbaycan dövlətinin nə qədər sülhpərvər olduğunu bir daha göstərir.

Bütün bunları bir daha dərindən analiz edəndə bu qənaətə gəlmək mümkündür ki, hazırda acınacaqlı durumda olan Ermənistanın nicat yolu sülh sazişindən keçir. Belə bir sazişin imzalanmasını isə  Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar tələb edir: “Mən tam əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır.” Bu da bir faktdır ki, son günlər sadə ermənilər artıq öz “liderlərinə”, revanşistlərinə deyil, Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlara əhəmiyyət verməyə başlayıblar. Bu baxımdan ümid etmək olar ki, onlar Prezident İlham Əliyevin Cənubi Qafqazda müəllifi olduğu yeni reallığı öz liderlərinə qəbul etdirməyə özlərində cəsarət tapacaqlar. 

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?