KÖŞƏ

Cavid Əkbərov

Təcavüzkar, faşist xislətli Ermənistandan fərqli olaraq...

05 may 2021 00:13
915

Azərbaycanda bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunur

Prinsip etibarilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ilk günündən başlayaraq məqsəd yalnız xalqımızı bu ərazidən, bölgədən təmizləməyə məruz qoymaqdan ibarət olub. Tarixin müxtəlif dönəmlərində həyata keçirilən soyqırımı aktları və digər cinayətlər, eyni zamanda, 44 günlük müharibə dövründə Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərdən atəşə tutması sübuta yetirdi ki, işğalçı ölkənin əsas məqsədi xalqımızın izini, tarixini, mədəniyyətini silməkdən ibarətdir. Dağıdılmış bölgələrimiz, məhv edilmiş abidələrimiz də buna sübutdur. Yəni bu baxımdan, əslində Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətlərin komponentlərinin sayı kifayət qədərdir. Başqa sözlə, işğalçı dövlət tərəfindən ən müxtəlif müstəvilərdə beynəlxalq humanitar hüququn prinsipləri pozulub.

Minalanmış ərazilərlə bağlı Ermənistan tərəfindən xəritələrin Azərbaycana təqdim edilməməsinin özü də işğalçı ölkənin növbəti cinayətidir. Yenə də Ermənistan piyada əleyhinə minaların tətbiq edilməsindən başlamış digər amillərə kimi bir sıra beynəlxalq konvensiyaların tələblərini pozur. Bütün bu amillər Ermənistana qarşı beynəlxalq müstəvidə ən ciddi ittihamların irəli sürülməsinə zəmin yaradır. Müharibə başa çatdığı üçün həm imzalanan üçtərəfli Bəyanatın prinsiplərinə və tələblərinə uyğun olaraq, həm də əgər Ermənistan bundan sonra bölgədə sülhün, əmin-amanlığın təmin olunmasını istəyirsə minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda, beynəlxalq ictimaiyyət, həmçinin də Rusiya sülhməramlıları bunu Ermənistandan tələb etməlidirlər.

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılmışdır. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilmişdir. İlk insan məskənlərindən tutmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılmış, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz də məhv edilmişdir.

Ancaq təcavüzkar, faşist xislətli Ermənistandan fərqli olaraq ölkəmizdə bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sinaqoqlar tikilib, yeni kilsələr inşa edilib. Çünki Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Eyni zamanda, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Təsadüfi deyil ki, bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 700-dən artıq pir və ziyarətgah fəaliyyət göstərir. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi də dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb.

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Ölkəmizdə dini məbədlərin qorunması, müxtəlif dinlərə məxsus dini abidələrin, ibadətgahların təmir və tikintisi prioritet məsələ kimi bu siyasətin əsas tərkib hissəsindən biridir. Dövlət tərəfindən həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dini konfessiyalara ayrı-seçkilik qoyulmadan bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur. Bu məsələ bu gün tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu günlərdə isə Azərbaycan tərəfindən Şuşadakı Qazançı kilsəsinin təmirinə başlanılıb. Şuşadakı bu kilsənin təmiri ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərimizin fonunda Azərbaycanın tolerantlığının növbəti göstəricisidir.

Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə tarixi-mədəni, dini obyektləri bərpa etməsi Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfəsidir. Yaxın keçmişə nəzər salsaq, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm işlərə imza atdığını görmək olar. Belə ki, Fondun dünya mədəni irsinə bəxş etdiyi töhfələr sırasında 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digərlərini göstərmək mümkündür. Xüsusilə Vatikanda həyata keçirilən layihələr dünyanın diqqətini çəkir. Artıq on ildən çoxdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə burada tarixi əhəmiyyət daşıyan bəzi dini abidələr bərpa edilir. Əlbəttə, görülən işlər bunlarla yekunlaşmır. Onlarla belə nümunələri təqdim etmək olar.

Beləliklə, Ali Baş  Komandan və qüdrətli Azərbaycan Ordusu sayəsində  işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?