KÖŞƏ

Cavid Əkbərov

Co Baydenin saxta “erməni soyqırımı” təxribatı

27 aprel 2021 22:35
939

ABŞ Prezidenti Co Baydenin heç bir real tarixə və hüquqa əsaslanmadan 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə yanlış yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaqdır. 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmaq ABŞ-ın dövlət siyasətində erməni lobbisinin təsiri olmasına şübhələr yaradır. ABŞ prezidenti unutmamalıdır ki, tarixi saxtakarlıq üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Saxta “erməni soyqırımı” həmin təxribatlardan biridir.

“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dəfələrlə məlumat da veriblər. Bunu C.Baydenin sələfləri də yaxşı bilirdilər. Ona görə də “erməni soyqırımı” ifadəsini dilə gətirmirdilər. Təbii ki, Bayden özü də bu barədə müfəssəl məlumata malikdir. O, bu hərəkəti ilə bütün türk dünyasında, eləcə də dünyanın hər tərəfində, Amerikada da məlumatlı, vicdanlı adamların hamısının yanında nüfuzdan düşdü. Çünki o, öz məsuliyyətini anlamalı idi. Belə bir addımla, ilk növbədə, Türkiyə və Azərbaycan kimi Amerika üçün strateji əhəmiyyətli ölkələrlə münasibətlərə ciddi zərbə vurdu. Eyni zamanda, bütün türk dünyası, islam dünyası ilə münasibətlərdə soyuqluq yaratdı.

Uzun illərdir ki, erməni təbliğat maşını havadarları vasitəsilə Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini “sübut etmək” üçün” dəridən - qabıqdan çıxırlar. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən çox türklər həlak olub. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırımı kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta hadisələrə qərəzli münasibət bildirmək olduqca yanlışdır.

ABŞ prezidenti bu ifadəni işlətməklə açıq və aydın şəkildə beynəlxalq hüququ, ədaləti, pozub. Belə ki, ABŞ prezidenti 106 il bundan əvvəl baş verən hadisədə Türkiyəni günahlandırır. Erməni şovinistləri və onlara hamilik edənlər dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci ildə Osmanlı imperiyasının ərazisində “erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı” törədilib. Ermənilərin dünyaya “genosid” kimi car çəkdikləri hadisə 1915-ci ildə, Birinci Dünya müharibəsi illərində baş verib. Məlumdur ki, Osmanlı imperiyasının torpaqlarını bölüşdürmək istəyən dövlətlər onun ərazisində yaşayan ermənilərdən istifadə edirdilər. 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nətisində yüz minlərlə türk öldürülüb.

Co Bayden “soyqırımı” ifadəsi işlətməkdən öncə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını yadına salsın və ifadə etsin. Beləliklə, ABŞ bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə addımın atılması anlaşılan deyil.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?