08 aprel 2021 03:39
271

"Moderna" vaksini azı 6 ay müddətinə müdafiəni təmin edir

COVID-19 əleyhinə "Moderna" vaksininin artıq hər iki dozasını alan milyonlarla amerikalı yeni tədqiqatın nəticəsindən razı qalacaqlar.

"İki sahil" bildirir ki, tədqiqatın nəticələri barədə hesabatda bu vaksinin azı 6 ay ərzində xəstəliklərdən müdafiə etmək qabiliyyətinə malik olduğu qeyd edilir. Yeni tədqiqatda vaksin bəyəniləndən əvvəl onu öz üzərində testdən keçirmiş 33 nəfər iştirakçının vəziyyəti izlənilib. ABŞ Milli allergiya və yoluxucu xəstəliklər institutunun əməkdaşı Nikol Doria-Rouzun sözlərinə görə, vaksinin ikinci dozası ilə peyvəndləndikdən 6 ay sonra "bütün yaş qruplarında anticisimlərin fəallığı yüksək səviyyədə qalırdı". İnstitutun alimlər komandası tədqiqatın nəticələrini "The New England Journal of Medicine" nəşrində dərc ediblər.

Ümidverici nəticələr "Pfizer-BioNTech" şirkətlərinin istehsal etdiyi digər əsas ikidozalı vaksin üçün analoji nəticələrin ardınca əmələ gəlib. Şirkətlər tərəfindən aprelin 1-də dərc edilən tədqiqatların nəticələri göstərib ki, onların vaksini insanlara ikinci doza vurulduqdan 6 ay sonra azı 91 faiz effektli olaraq qalmaqdadır.