08 aprel 2021 02:41
281

Beynəlxalq maliyyə təşkilatları Gürcüstanla bağlı proqnoz göstəricilərini azaldıblar

Beynəlxalq maliyyə və kredit təşkilatları koronavirus pandemiyası fonunda Gürcüstanın iqtisadi artım tempi ilə bağlı proqnoz göstəricilərini azaldıb.

"İki sahil" xəbər verir ki, bu barədə beynəlxalq maliyyə institutlarının hesabatlarında bildirilir. Dünya Bankının proqnozlarına görə, Gürcüstan iqtisadiyyatının 2019-cu ildəki səviyyəyə qayıdacağı barədə ehtimallar çox azdır. Gürcüstan iqtisadiyyatının 2019-cu il səviyyəsinə qayıtması 2022-ci ilin sonuna qədər mümkün olmayacaq. Bankın hazırladığı hesabatda deyilir ki, COVID_19 pandemiyası Gürcüstan iqtisadiyyatına çox güclü zərbə vurub. Ölkə daxilində hərəkətin məhdudlaşdırılması, xarici turistlərin ölkəyə girişinin dayandırılması və xarici valyuta axınının azalması 2020-ci ildə ölkə iqtisadiyyatının 6,2 faiz azalmasına səbəb olub. Ölkədə yoxsulluq həddi 5,4 bənd artıb. Ən ciddi problem iş yerlərinin bağlanmasında və gəlirlərin azalmasında yaranıb. Eyni zamanda, Gürcüstanın dövlət borcu müəyyən olunmuş limiti keçib, yaranmış böhran fiksal və xarici ticarət balansa da mənfi təsir göstərib.

Bildirilir ki, Gürcüstanda iqtisadi artım 2021-ci ildə 4 faiz, 2022-ci ildə isə 5 faiz proqnozlaşdırılıb. "Bu proqnozlara baxmayaraq, ölkənin iqtisadi artımının 2019-cu ildəki səviyyəyə qayıtması 2022-ci ilin sonuna qədər mümkünsüzdür. Bu da beynəlxalq turizmin inkişafından sonra mümkün ola bilər", - deyə hesabatda deyilir. Beynəlxalq Valyuta Fondu (IMF) da Gürcüstanın iqtisadi artım proqnozlarını azaldıb. Fond öz hesabatında 2021-ci il üçün Gürcüstanın iqtisadi artım tempi üzrə proqnozunu 4,3 faizdən 3,5 faizə endirib. Hesabatda Gürcüstanın iqtisadi artım tempinin 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə 5,5 faiz olacağı bildirilir.

Qeyd edək ki, Gürcüstan hökuməti isə cari ildə ölkədə ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır.