07 aprel 2021 23:40
300

Ermənistan hərbi cinayətlərini davam etdirir

Bəxtiyar Sadıqov: Əgər Ermənistan bizimlə əməkdaşlıq etmək niyyətindədirsə, tamamilə bir dövlət kimi yer üzündən silinmək istəmirsə, işğaldan azad olunmuş ərazilərdə yerləşdirilən minaların xəritələrini Azərbaycana verməli,  ölkəmizin ərazi bütövlüyünü  tanımalıdır

Ermənistanın törətdiyi ən böyük müharibə cinayətlərindən biri də işğal altındakı ərazilərdə piyada və tank əleyhinə minaların yerləşdirməsidir. Hazırda on min kvadratkilometrdən artıq ərazidə ciddi mina təhlükəsi var. Noyabrın 10-dan keçən dövr ərzində işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14-ü mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin peşəkar  əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən 16-sı mülki şəxs) ağır yaralanıb. Buna səbəb isə Ermənistanın işğal dövründə minaladığı ərazilərin xəritəsini Azərbaycana  verməməsidir.

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u hesabına Ermənistan ordusunun beli qırıldı, düşmən qarşımızda diz çökdü.  İşğalçı Ermənistan 10 noyabr kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Əslində Ermənistanın sınıq-salxaq, sıradan çıxmış silah-sursatın ümidinə qalan ordusu imzalanan bu sənəd nəticəsində tam məhv edilməkdən xilas oldu. Amma buna qədər Ermənistan ümumiyyətlə, Şuşanı, Kəlbəcəri, Laçını vermək fikrində deyildi. Onların heç xəyallarına gəlməzdi ki, Azərbaycan Ordusu gücü, rəşadəti ilə torpaqlarını işğaldan azad edəcək. Beləliklə, 44 günlük müharibə Azərbaycanın Zəfəri ilə başa çatdı. Müharibədən sonra biz orda erməni barbarlarının törətdiyi vəhşiliklərin də şahidi olduq. Onlar bütün ərazilərimizi dağıtmaqla yanaşı, əsl barbarlıq, vandallıq mahiyyətlərini göstəriblər”.

B. Sadıqov onu da qeyd edib ki, bütün bunlar azmış kimi, düşmən həmin ərazilərimizdə müxtəif təyinatlı xeyli  mina basdırıb. İndi isə minalanmış ərazilərin xəritələrini təqdim etmirlər: “Beynəlxalq konvensiyalara görə, hərbi əməliyyatlar başa çatdıqdan, sülh müqaviləsi bağlandıqdan sonra  minalanmış ərzilərin xəritələri qarşı tərəfə təqdim olunmalıdır.  Çünki bu şərtlərə əməl olunmaması mülki əhaliyə, günahsız insanlara qarşı yönəldilmiş bir cinayətdir. Düşmən tərəfin xəritəni verməməsi onların faşist xislətindən, qana hərislik mahiyyətlərindən qaynaqlanır. İkincisi isə ermənilər həmin xəritəni verməməklə yenə də Azərbaycana ziyan vurmaq, daha çox insanın həlak olunmasını istəyirlər. Xocalıda, Qaradağlıda, Ballıqayada və digər ərazilərdə mülki insanlara qarşı qətliamlar törədən, terrorlar həyata keçirənlər müharibədən sonra da mülki əhaliyə qarşı cinayətkar əməllərini davam etdirirlər. Sözsüz ki, bu da düşmənin nə qədər məkrli, mənəvi dəyərlərdən uzaq biri olduğunu nümayiş etdirir”.

“Burada Rusiya sülhməramlı qüvvələrinin də təqsiri var” söyləyən deputat onu da bildirib ki, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən Ermənistan istəsə belə bəd niyyətlərinə nail ola bilməyəcək: “İmzalanmış sənəddə qeyd olunduğu kimi, həmin aktın icrasına nəzarət məsuliyyəti birbaşa Rusiyanın üzərinə düşür. Kapitulyasiya aktının icrasında məsuliyyət daşıyan Rusiya Dağlıq Qarabağı Azərbaycanın əzəli ərazisi hesab edir. Sülhməramlı qüvvələrin hələ də küncdə-bucaqda gizlənən erməni terrorçularına qarşı mübarizə məsuliyyəti də Rusiyanın üzərinə düşür. Beləliklə, bölgədə sülh yaratmaq işinə nəzarət edən qüvvələrin fəaliyyətlərini şərtlərə uyğun tənzimlənməsi vacibdir. Amma təəssüf ki, onlar yerinə yetirməli olduqları statuslarından daha çox  Xankəndinə Ermənistandan mülki və hərbi əhalinin zorla köçürülüb gətirilməsi ilə məşğuldurlar”.

B. Sadıqov onu da diqqətə çatdırıb ki, bu məsələdə beynəlxalq təşkilatların da üzərinə böyük məsuliyyət düşür: “Belə ki, Azərbaycanda hansısa bir hadisə baş verən kimi, həmin təşkilatlar əsassız olaraq insan haqlarının, hüquqlarının pozulmasını bəhanə gətirərək ölkəmizə qarşı ikili standartlar siyasətini yeridirlər. Belə olan halda isə ortaya haqlı sual çıxır. Bu halda, qərəzli təşkilatlara mülki şəxslərin müdafiə, onların müharibənin nəticələrindən qorunma hüquqlarının əks olunduğu beynəlxalq konvensiyalar, qanunlar xatırlanmalıdır. Onu da qeyd edim ki, hələ bu sahədə Azərbaycanın mübarizəsi davam edir. Biz bir tərəfdən ərazilərimizi minalardan təmizləyir, digər tərəfdən isə beynəlxalq təşkilatlarla birgə işləyirik. Sözsüz ki, bütün KİV-lər də burda fəal iştirak etməlidir. Şübhə yoxdur ki, işğalçı dövlət mənfur niyyətləri ilə heç nəyə nail ola bilməyəcək. Onlar artıq torpaqlarımızdan qovulub, biz onları məğlub etmişik və  adımız qalib ölkə, xalq kimi, tarixə yazılıb. Hələ qarşıda bizim görəcəyimiz xeyli işlər var. Əgər Ermənistan bizimlə əməkdaşlıq etmək niyyətindədirsə, tamamilə bir dövlət kimi yer üzündən silinmək istəmirsə, işğaldan azad olunmuş ərazilərdə yerləşdirilən minaların xəritələrini Azərbaycana verməli, ölkəmizin  ərazi bütövlüyünü tanımalıdır”.

Mənsumə Babayeva, “İki sahil”