07 aprel 2021 16:07
382

Mütəxəssis: Yoluxma sayı bir az da artsa, sərt karantin rejiminin tətbiqi qaçılmaz olacaq

Son günlər COVID-19-un statistikasında yoluxma sayının sürətlə artması hər kəsin narahatlığına səbəb olub. Çünki bu, sağlamlıq  və həyatımız üçün ciddi təhlükə riskinin olması ilə bağlı həyəcan təbilidir. Ötən günlərlə müqayisədə yoluxma ilə yanaşı, COVID-19-dan ölənlərin sayı çoxalıb. Üstəlik virusun "Britaniya ştammı"na yoluxma da var. Karantin qaydalarının qüvvədə olmasına, vaksinasiya prosesinin həyata keçirilməsinə rəğmən virusa yoluxanların və ölənlərin sayı artır. Bu isə ötən ilin noyabr-dekabr aylarındakı kritik vəziyyəti yenidən yaşamağımız deməkdir. Ümumiləşdirdikdə isə bu qənaətə gələ bilərik ki, artmaqda olan pozitiv test cavabları mövcud vəziyyəti neqativləşdirir.

Peyvənd olunanlar arxayın olmasınlar

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəlliməsi, mütəxəssis-infeksionist Nilufər Məmmədova bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, əhali arasında yanlış fikir formalışıb ki, vaksinasiya olunanlarda COVID-19-a yoluxma müşahidə olunmamalıdır. Xeyir, bu, belə deyil. Koronavirus əleyhinə peyvənd olunmaqda məqsəd əhalinin virusa yoluxmasının qarşısını almaq deyil,  xəstəliyin ağırlaşmasının, stasionar yatış tələbinin artmasının qarşısını almaqdır. Vaksin vurdurarkən hədəf risk qrupuna aid olan insanların bu xəstələyi daha yüngül keçirməsidir.

Mütəxəssis vurğulayıb ki, yoluxma sayını azaltmaq istəyiriksə qorunma tədbirlərinə, profilaktik qaydalara ciddi şəkildə əməl etməliyik: “Ona görə də mütləq fiziki məsafə saxlamalıyıq. İnsanlarla açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr aralı dayanmalıyıq. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün istifadə etməliyik. Maska ilə burun və ağız nahiyəsini tam qapamalıyıq. Əl ilə görüşməyək, əllərimizi tez-tez sabunlayıb yuyaq, ən azı 70 faizli etil spirt əsaslı məhlullarla dezinfeksiya edək. İnsanların sıx toplaşdığı məkanlardan uzaq durmalıyıq və digərlərini də buna təşviq etçəliyik. Qapalı məkanlar mütəmadi olaraq havalandırılmalıdır.”

Ekspert hesab edir ki, yoluxma dinamikası artan templə davam edəcəyi halda hazırda fəaliyyət göstərən təhsil müəssisələrinin qapanması zəruri olacaq: "Çünki həmin yerlərdə daha uzunmüddətli və daha sıx kontaktlar müşahidə olunur. Kafe-restoranlarda da tənəffüs gigiyenası qaydalarının və sosial məsafənin tam gözlənilməməsini nəzərə alsaq, oraların da yenidən bağlanması zərurəti yarana bilər. Yoluxma sayı bir az da artsa, sərt karantin rejiminin tətbiqi qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qaydalara ciddi şəkildə əməl etməliyik. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günləri və digər  bu kimi kütləvi mərasimlərdən imtina etməliyik. Son günlər insanlar arasında sərt karantin rejiminin yenidən tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılır. Təəssüf ki, bu vəziyyət üçün bundan daha effektiv çıxış yolu yoxdur. Bu baxımdan da sərt karantinin tətbiqi  gözləniləndir. Bu haqda Nazirlər Kabinetini yanında Operativ Qərargah qərar verəcək və mövcud epidimioloji vəziyyət, tibb müəssisələrin xəstə qəbul etmə səviyyəsi dəyərləndirələcək”.

Yoluxmanın artmasına ciddi təsir göstərən səbəb...

N.Məmmədova qeyd edib ki, yoluxma sayının artmasının səbəblərindən biri də "Britaniya ştammı"nın ölkəmizdə aşkar olunmasıdır: "Düşünürəm ki, əhali arasında bu "ştamma" yoluxma çoxalıb. Bildiyiniz kimi, bu "ştamm"ın yoluxduruculuğu çox  yüksəkdir. Eyni zamanda bu "ştamm"a yoluxanlar arasında xəstəliyin ağırlaşması hallarını daha çox müşahidə edirik. Yəni, mutasiya olunmuş yeni "ştamm"ın ölkəyə gəlməsi nəticəsində yoluxma ilə yanaşı ölüm sayında da  artım olub".

Peyvəndlənmə prosesində gecikmə olarsa...

İnfeksionist əlavə edib ki, vaksinasiyadan uğurlu nəticə əldə etmək üçün əsas məsələ əhalinin vaksinasiya olunmalı olan hissəsinin 70 faizinin vaksin vurdurmasıdır. Bu isə o deməkdir ki, vaksin prosesində nə qədər gecikmələr olsa, əhali vaksinasiyaya  nə qədər gec cəlb olunsa, vaksinin effektivliyi  aşağı enəcək. Ona görə də uğurlu nəticə əldə etmək istəyiriksə, qısa müddətdə daha çox əhali  peyvənd olunmalıdır. Ancaq bundan  sonra xəstəliyin daha yüngül gedişli formalarını müşahidə edə bilərik. Bir məsələni də qeyd edim ki, digər ölkələrdə vaksin olunanlara karantin rejimində müəyyən güzəştlər tətbiq olunur. Əgər, vaksin üçün əks-göstəriş yoxdursa, COVID-19-a yoluxanalar da vaksinasiya olunmalıdır. COVID-19 keçirmək vaksinasiya üçün əks-göstəriş deyil".

Yaqut Ağaşahqızı, “İki sahil”