07 aprel 2021 15:18
441

Paşinyan Moskvada: Peskov açıqlama verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.

“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Mane Qevorkyan “Facebook”da bildirib.

Səfər çərçivəsində N. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Ermənistanın Baş naziri Rusiya dövlət başçısı ilə ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, energetika, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcək.  

V. Putin və N. Paşinyan Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasına dair də fikir mübadiləsi aparacaqlar.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə deyib ki, Rusiya və Ermənistan rəhbərləri danışıqlarda ikitərəfli gündəliyin məsələlərini, habelə Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.

“Danışıqların mövzusuna gəldikdə, bu, əlbəttə ki, ikitərəfli gündəlikdir, aktiv işləyən hökumətlərarası komissiyamız var, bunlar inteqrasiya prosesləridir, MDB çərçivəsində və Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində sıx əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz var. Bundan əlavə, Vladimir Putin və Nikol Paşinyan, şübhəsiz ki, Qarabağla bağlı üçtərəfli bəyanatı və dinc həyatın qurulması, nəqliyyat infrastrukturunun blokunun açılması məsələlərini müzakirə edəcəklər”- deyə Peskov bildirib.