KÖŞƏ

Mənsumə Babayeva

Məğlub ölkədə növbədənkənar seçki şousu...

30 mart 2021 22:26
702

Məlum olduğu kimi, Ermənistan parlamenti martın 24-də ölkədəki hərbi vəziyyət rejimini ləğv etdi. Bununla da növbədənkənar parlament seçkilərinin qarşısında yaşıl işıq yandırıldı. Nəzərə alaq ki, Ermənistan müxalifəti bunun üçün dörd ay müddətində mübarizə apardı. Lakin onların mübarizəsi nəticəsiz qaldı. Çünki Ermənistan parlamentinin tam əksəriyyəti  Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının üzvi idi. Ona görə də onlar müxalifətin qətiyyətlə tələb etdiyi zamanlarda ölkədəki hərbi vəziyyəti ləğv etmədilər. Çünki ölkə qanunvericiliyinə görə, hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi yolverilməzdir. Seçkilərin keçirilməsi üçün hərbi vəziyyət ləğv olunmalıdır. Üstəlik hərbi vəziyyət müddətində parlamentdə baş nazirin istefası səsverməyə qoyula bilməz.

Beləcə, Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyası ilə müxalifət arasında dörd ay müddətində əməli-başlı qırğın getdi. Hətta ötən dövr ərzində müxalifətin bəzi Paşinyanpərəst deputatları da öz tərəfinə çəkmək cəhdləri də uğursuz oldu. Cəmi-cümlətani bir neçə deputat “Mənim addımım” fraksiyasından imtina etdi. Əksəriyyət isə Nikola sadiq qaldı. Bununla da müxalifətin Paşinyanı hüquqi yolla devirmək cəhdləri fiaskoya uğradı. Bununla da müxalifət küçə yürüşləri və mitinqlərlə də Paşinyanı istefaya məcbur edə bilmədi. Baş nazir özü istəmədiyi müddətdə isə onun məcbur etmək mexanizmi qanunvericilikdə çox qəlizdir. Belə ki, Ermənistan Konstitusiyasına görə, parlament istənilən zaman hökumətin istefasını qoya bilər. Amma bunun üçün gərək deputatların 51 faizi bu qərarı dəstəkləyə. İndiki halda erməni müxalifətinin parlamentdə nəinki 51 faiz, heç 40 faiz dəstəkçisi yoxdur. Məsələnin ən qəliz tərəfi isə odur ki, parlament çoxluğu hökumətə etimadsızlıq göstərsə onda parlament özünü buraxmalıdır. Bununla da ən tezi 3 ay müddətində parlament seçkiləri keçirilə bilər. Bu üç aylıq müddətdə isə hökuməti yenə də əvvəlki heyət təmsil etməlidir.

İşğalçı ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlament müxalifətinin Paşinyanla razılığa gəlməsi birmənalı qarşılanmır. Ekspertlərin fikrincə, Ermənistanda növbədənkənar seçkilər baş nazirin istefası və parlamentin 3 dəfə baş naziri seçə bilmədiyi halda, qanunverici orqan buraxıldıqdan sonra keçirilə bilər. Parlamentdən kənarda olan qüvvələrin məsələyə reaksiyasına gəlincə, sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu “Erməni Milli Konqresi” qəti şəkildə seçkilərin əleyhinə çıxış edib. Bu günlərdə Paşinyana istefa verərək ölkəni tərk etməyi təklif edən eks-prezident L.Ter-Petrosyan onun biabırçı məğlubiyyətə görə daşıdığı məsuliyyətdən yayınmaq və hakimiyyətini saxlamaq məqsədi güddüyünü deyib. Hətta baş nazir vəzifəsinə müvəqqəti namizəd Vazgen Manukyan da Paşinyanın təşkilatçılığı və rəhbərliyi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qarşı qəti etiraz edib. V.Manukyan qeyd edib ki, bu seçkilər böhranı həll etməyəcək, əksinə, onu dərinləşdirəcək.

Beləliklə, Paşinyanın növbədənkənar seçki planı məğlub ölkədə siyasi böhran fonunda ziddiyyətlərin dərinləşməsini, qarşıdurmanın güclənməsini şərtləndirir. Bütövlükdə isə ekspertlər Paşinyanın seçkiyə getməyə razı olmasını müxtəlif cür qiymətləndirirlər. Hətta bəziləri bunu blef, bəziləri isə öz hakimiyyətini möhkəmləndirmək cəhdi hesab edirlər.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?