KÖŞƏ

Qvami Məhəbbətoğlu

Almaniyanın növbəti təxribatı

30 mart 2021 23:47
1040

Azərbaycanın dünya miqyasında apardığı müstəqil siyasət, əldə etdiyi uğurlar ölkəmizə qarşı olan bəzi qüvvələri ciddi şəkildə narahat etməkdədir. Onların arasında yer alan ölkələrdən biri də Almaniyadır.

Bu günlərdə Almaniyanın İctimai Televiziyasında anti-Azərbaycan xarakterli proqram yayımlanıb. Erməni diasporunun maliyyə dəstəyi və sifarişi ilə hazırlanan həmin proqramda ölkəmizi qaralayan, heç bir əsası olmayan fikirlər səsləndirilib. Siyasətçilərin fikrincə, bu, hər şeydən əvvəl onların erməni təəssübkeşliyindən irəli gəlir. Digər tərəfdən, açıq-aydın görünür ki,  faşizm ideologiyasının ənənələrini müasir dövrümüzdə davam etdirən Ermənistanın tərəfini saxlamaqla onlar öz sələflərinə haqq qazandırmağa çalışırlar. Demokratiya və insan haqları iddiaları ilə pərdələnən bu ölkənin məqsədi isə aydındır:  Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, onun əldə etdiyi nailiyyətlərə kölgə salmaq.

Yeri gəlmişkən qeyd edək ki, 44 günlük Vətən müharibəsində rəsmi Berlin Azərbaycanın yanında yer almadı, onun haqq işini dəstəkləmədi. Hətta erməni vəhşiləri Gəncə, Tərtər, Bərdə və digər şəhərlərimizi atəşə tutanda, günahsız mülkü əhalini qətlə yetirəndə  demokratik ölkə kimi ad çıxarmış bu ölkə səsini çıxarmadı. 10 noyabr anlaşmasından sonra Prezident İlham Əliyevin təlimatına uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri erməni faşistlərindən azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə səfər edərkən alman diplomatları bundan imtina etdilər. Başqa sözlə, onlar erməni faşizminin törətdiyi antibəşəri cinayət aktlarına, erməni barbarlığına şahidlik etmək istəmədilər.

Siyasətçilərin fikrincə, bu, Almaniyanın ölkəmizə qarşı apardığı anti-Azərbaycan xarakterli qarayaxma kampaniyasında ilk deyil. Belə ki, bu ölkə Bakıda keçirilmiş “Eurovision -2012” mahnı müsabiqəsi dövründə də erməni diasporunun sifarişləri əsasında Azərbaycana qarşı qarayaxma kampaniyası aparan tərəflərdən biri olub. Hətta bu ölkənin bəzi siyasi xadimləri mətbuata açıqlamalarında açıq şəkildə bildirmişdilər ki, guya Bakı “Eurovision”ın keçirilməsi üçün münasib yer deyil. Amma onların bu kimi “canfəşanlıq”larına baxmayaraq, Azərbaycan bütün maneələri dəf etdi və bəşəri amalların carçısı olan bir ölkə olduğunu bütün dünyaya bir daha sübut etdi.

Bu yerdə bir məqama da toxunmaq istərdik. Ötən il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalının əməkdaşı Prezident İlham Əliyevdən müsahibə alarkən özünün təxribatçı sualları ilə diqqət mərkəzinə düşdü. Amma dövlətimizin başçısı təxribatçı suallarla silahlanan, ermənilərin ortağı kimi danışan həmin jurnalisti danılmaz sübutlarla faktlar qarşısında qoydu və bununla da cənab İlham Əliyev işğalçı  Ermənistanın təəssübünü çəkən  həmin şəxsə dərs keçdi. 

Şübhəsiz, Almaniyanın İctimai Televiziyasında yayımlanan həmin proqram bu ölkədə başladılan anti-Azərbaycan kampaniyasının növbəti dalğasından xəbər verir. Amma onlar bu qarayaxma ilə çox da uzağa gedə bilməyəcəklər. İkinci Qarabağ müharibəsində qalib gələn, respublikamızın ərazi bütövlüyünü təmin edən, bölgədə tamamilə yeni reallıqlar yaradan Prezident İlham Əliyevin uğurlu diplomatiyası dünya erməniliyinin, eləcə də onların havadarlarının beynəlxalq miqyasda ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının da qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaqdır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?