KÖŞƏ

Mənsumə Babayeva

Tarixi torpaqlarımızda erməni vandalizminin izləri qalmayacaq

29 mart 2021 21:35
933

Qüdrətli ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən hər dəfə yeni görüntülər yayıldıqca  30 ilə yaxın dövrdə bu torpaqlarda törədilən vandalizmin ölçüyəgəlməz dərəcədə olduğu daha da aydın görünür. Novruz bayramında növbəti dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev bu məqamlara xüsusi diqqət yetirdi.

İşğaldan azad olunmuş digər şəhərlərimiz kimi, Şuşada da bir çox tarixi, dini abidələrimiz dağıntılara və təhqirlərə məruz qalıb, bina və yaşayış obyektlərimiz məhv edilib. Ümumiyyətlə ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərimizdə əsl vəhşilik nümayiş etdiriblər. Bu vəhşiliyin də bir səbəbi odur ki, Ermənistan monoetnik ölkədir və özlərindən başqa heç bir dövlətin, xalqın tarixini, mədəniyyətini qəbul edib yaşatmaq onların xislətlərində mövcud deyil. Bunun nəticəsidir ki, Ermənistan işğal etdiyi torpaqlarda qurub-yaratmaq əvəzinə yalnız dağıdıb-sökməyə, məhv etməyə çalışıb. Azərbaycan isə tarixin hər bir dövründə öz etnik müxtəlifliyi ilə fəxr edib. Cənab İlham Əliyevin Şuşaya səfəri çərçivəsində ziyarət etdiyi hər məkanda bunun bir daha şahidi olduq. Belə ki, əsrlərlə tarixi olan Pənahəli xanın sarayından qalan qalıntılarda, dağıdılan Karvansaray kompleksində, dahi sənətkarlarımız Bülbülün, Üzeyir Hacıbəylinin dağıdılan evlərində erməni barbarlığının izləri açıq aydın görünürdü. Bütün bunlar misli görünməmiş vandallıqdır.

Artıq torpaqlarımız işğaldan azad olunub və bizləri qarşıda geniş planda quruculuq-abadlıq işləri gözləyir. Şuşaya səfəri zamanı bu cənnət məkanın dünyanın ən gözəl şəhərlərindən birinə çeviriləcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev burada ilk növbədə tarixi və dini abidələrin bərpasına önəm verildiyini açıqlamışdır. Bunun ardınca  “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində müasirliklə qədimliyin sintezinin yaradılacaq. Hər bir şəhərdə, kənddə erməni vəhşiliyinin təbliği məqsədilə kiçik bir məhlə şəklində dağıntıların saxlanılması da nəzərdə tutulan tədbirlər planında öz əksini tapıb. Əsas hədəf insanları razı salacaq, onların yaxşı yaşayışını təmin edəcək şəhər və kəndlərin salınması, yeni səhifənin açılması fonunda gələcəyə daha böyük inamla addımlamaqdır. 

Xalqımız tam əmindir ki, hər bir vədini konkret əməli işi ilə təsdiqləyən, nəyi nə zaman etmək lazım olduğunu 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində ermənilər illərdir törətdikləri vəhşiliklərə, vandalizm aktlarına görə hüquq çərçivəsində layiq olduqları cəzanı alacaqlar.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?