08 mart 2021 12:59
638

Birləşmiş Krallığın Dövlət naziri azərbaycanlı qadınları təbrik edib

Birləşmiş Krallığın Avropa qonşuluğu üzrə Dövlət naziri Vendi Morton azərbaycanlı qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə britaniyalı Dövlət naziri videomüraciətində bildirib.

"Bu gün Beynəlxlaq Qadınlar Günü münasibətilə Azərbaycanın bütün qadınlarına və qızlarına ən xoş arzularımı çatdırıram. Keçən ay Azərbaycana səfər etdiyim zaman həqiqətən də ilhamverici qadın və qızlarla tanış olmaq şərəfinə sahib oldum. Onların arasında gender bərabərliyini müdafiə edən vətəndaş cəmiyyəti rəhbərləri, ailələrinə və yerli icmalarına rifah gətirən qadın sahibkarlar və "British Council" tərəfindən dəstəklənən məktəb klublarında ingilis dili və tənqidi təfəkkür bacarıqları öyrənən məcburi köçkün ailələrdən olan qızlarla tanış oldum", - deyə nazir qeyd edib.

V.Morton deyib ki, gender bərabərliyi həm qadınlar, həm də kişilər üçün fayda gətirir. "Qadınlar və qızların öz potensiallarını reallaşdırmağa və yaşadıqları icmalarda verilən qərarlara təsir etmək azadlığına sahib olması bütün cəmiyyətə əhəmiyyətli üstünlüklər bəxş edir.

Bu, xüsusilə qadınların sülh və təhlükəsizlik məsələlərində iştirakı zamanı özünü biruzə verir. Çünki araşdırmalara əsasən onların töhfəsi ilə bu təşəbbüslərin müfəvəqiyyət qazanma ehtimalının daha yüksək olduğu göstərir.

Məhz bu səbəbdən Azərbaycanda qadınların sülh və təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi çox vacibdir".

Nazir bildirib ki, dünyanın istənilən ölkəsində bəzi qadınlar sadəcə qadın olduğu üçün şiddətə məruz qalır.

"Azərbaycana etdiyim səfərdə məişət zorakılığı qurbanlarının özlərinin paylaşdıqları hekayələri dinləmək imkanım oldu. Azərbaycan hökuməti bu məsələni həll etmək üçün artıq bir sıra mühüm addımlar atmışdır. İstanbul Konvensiyasının imzalanması qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasında həlledici bir addım ola bilər.

Azərbaycan Birləşmiş Krallıq da daxil olmaqla dünyanın əksər ölkələrindən daha əvvəl qadınlara seçki hüququnu verməsi faktı ilə haqlı olaraq fəxr edə bilər".

Dövlət naziri Azərbaycanda səfərdə olarkən qadın və qızların hüquq və bərabərliyinin daha da artırılmasına dair Azərbaycan hökuməti ilə müzakirələr apardığını və bu müzakirələrdən məmnun qaldığını əlavə edib.

Britaniyalı nazir qadın və qızların hüquq və bərabərliyinin daha da gücləndirilməsinə nail olmaq üçün və bütün azərbaycanlıların rifahı naminə azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığı səbirsizliklə gözlədiyini vurğulayıb.