06 mart 2021 21:14
743

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib FOTO

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas Konfederasiyanın 2020-ci il üzrə fəaliyyətinin yekunlarına və 2021-ci il üçün nəzərdə tutulan iş planının müzakirəsinə həsr olunmuşdur.

“İki sahil” xəbər verir ki, iclası Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açaraq, 2020-ci ildə pandemiyanın biznesin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, ümumilikdə ölkəmiz üçün uğurlu il olduğunu qeyd etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il xalqımızın Zəfər Bayramı kimi tarixə yazıldı. 2021-ci il ölkəmiz üçün quruculuq, doğma Qarabağımız üçün dirçəliş ili olacaq, – deyən M.Musayev 2021-ci il fevralın 19-da Türkiyədə keçirilən Türkiyə-Azərbaycan biznes forumu barədə Rəyasət Heyətinin üzvlərinə geniş məlumat vermişdir.

2020-ci ilin hesabatını təqdim edən Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova bildirmişdir ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ASK öz fəaliyyətində böyük uğurlara nail olub və sahibkarların hüquqlarının müdafiəsi, dövlət-özəl dialoqunun qurulmasında rolunu daha da gücləndirib. Belə ki, 2020-ci ildə ASK dövlət orqanları ilə sahibkarlar arasında müxtəlif mövzuları əhatə edən 11 görüş təşkil edib. Eyni zamanda, ASK-nın tabeliyində fəaliyyət göstərən komissiyaların 16 iclası keçirilib və bu iclaslar zamanı toplanan təkliflər işlənərək hökumətə təqdim edilmişdir. Bu dövrdə sahibkarlardan Konfederasiyaya 159 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 104-də pandemiyanın sahibkarlığa təsiri nəticəsində yaranmış çətinliklər qeyd olunur.

2020-ci ildə ASK daha 35 rayonda nümayəndə təyin edərək, rayon təmsilçilərinin sayını 39-a çatdırmışdır və bununla da dövlət-özəl dialoqunda rayonlarda çalışan sahibkarların fəallığını yüksəltməyə nail olmuşdur. O cümlədən Azərbaycan məhsullarının xarici ölkələrdə təbliği, investisiya mühitinin təşviq edilməsi, xaricdə çalışan iş adamlarımızla əlaqələrin qurulması üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici ölkələrdə 19 nümayəndəsi fəaliyyət göstərir.

2020-ci il martın 19-da Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb. Baş Kollektiv Saziş ilk dəfə 3 il müddətinə bağlanıb və 6 bölmədən ibarətdir.

Sahibkarların məhkəmə çəkişmələrinin məhkəməyə qədər həllini təmin etmək məqsədilə  2020-ci il fevralın 16-da  Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan Vəkillər Kollegiyası birlikdə Mediasiya Şurasının həmtəsisçisi kimi çıxış etmişlər. Bu qurum sahibkarların əlavə vaxt itkisi ilə üzləşmədən, daha qısa bir zamanda iqtisadi mübahisələri həll etməsinə alternativ imkan yaradacaqdır. Hazırda Mediasiya Şurası mediatorların hazırlanması və Mediasiya institunun formalaşması istiqamətində fəaliyyətini davam etdirir.

Ötən il ölkədə sahibkarlığın inkişafı, biznesin dəstəklənməsi məqsədilə ASK 31 qanunvericilik aktına əlavə və dəyişikliklər təklif etmişdir. Konfederasiya beynəlxalq müstəvidə 50-yə yaxın tədbirə ev sahibliyi edib. Xüsusən də Vətən Müharibəsi dövründə Türk Ticarət və Sənaye Palatalarının növbədənkənar Bakı görüşü, işğaldan azad olunmuş torpaqlarda sahibkarlığın dirçəldilməsi üçün xarici iş adamları, xarici dövlətlərin ölkələmizdəki səfirləri ilə görüşləri qeyd etmək olar.

Konfederasiyanın 2021-ci il üçün iş planı barədə vitse-prezident Vüqar Zeynalov təqdimatla çıxış etmişdir. Onun sözlərinə görə, bu il dövlət-özəl dialoqunun daha da inkişaf etdirilməsi, dayanıqlı inkişaf məqsədləri, mediasiya fəaliyyətinin sistemləşdirilməsi, işğaldan azad olunmuş torpaqlarda iqtisadi fəaliyyətin dirçəldilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlər iş planına  daxil edilmişdir.

Sonra Rəyasət Heyətinin üzvləri hesabatı səsə qoyaraq qəbul etmiş və iş planı ilə bağlı öz təkliflərini səsləndirdilər.

İclasın sonunda ASK prezidenti Məmməd Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası   5 mart 1999-cu ildə təsis edildiyini, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçdiyini iclas iştirakçılarının nəzərinə çatdırdı və 22 ildə Konfederasiya tərəfindən dövlət-özəl dialoqu sahəsində xeyli işlər görüldüyünü bildirdi.

Bununla da Konfederasiyanın Prezidenti komandaya uğurlar arzulayaraq, 2021-ci ildə qarşıda duran məsələlərin daha çox olduğunu, işğaldan azad edilmiş torpaqlarımızın inkişafı məqsədilə daha səylə çalışmağın vacibliyini vurğulayaraq iclası bağlı elan etdi.