01 mart 2021 22:36
649

Arazda suyun səviyyəsi azalıb?

Kür çayının ardından indi də Araz çayında suyun səviyyəsi düşüb. Son günlər havaların yağıntılı keçməsinə baxmayaraq, çayda su azalıb. Təsərrüfat sahibləri məsələ ilə bağlı həyəcan təbili çalırlar...

Hər tərəfdə xırda adalar, adaların içində isə kiçik gölməçələr əmələ gəlib. Bu, bol sululuğu ilə tanınan Arazın indiki vəziyyətidir.

"İki sahil" xəbər verir ki, artıq bir müddətdir Araz çayında da suyun səviyyəsi düşməyə başlayıb. Burada suyun səviyyəsinin nə qədər düşdüyünü, çayın ortasında yaranan kiçik adalardan da müşahidə etmək olur. Ötən ayın sonlarına kimi yağıntılarla əlaqədar Araz çayında bol sululuq dövrü idisə, indi vəziyyət dəyişib. Suyun səviyyəsi gündən-günə düşür. Bu isə fevral ayı üçün xarakterik hal hesab edilmir.

Suyun səviyyəsinin birdən-birə enməsi isə həmin ərazilərdə yaşayan fermerlər üçün problemə yol açır. Araz və Kür çaylarının birləşdiyi yer, ətrafdakı minlərlə hektar əkin sahəsinin suvarılmasında əsas su mənbəyidir. Hazırda suvarma mövsümüdür. Pambıq əkiləcək yerlərin arat dövrünü də nəzərə alsaq, suya tələbat böyükdür. Çaylarda sululuğun azalması təsərrüfat sahiblərini narahat edir.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, Araz çayında suyun səviyyəsi normadan 2 metr düşüb. Bu çayın suyu ilə Saatlı rayonunda 56 min 575 hektar əkin sahəsi suvarılır. Bunun 13 min 800 hektarı isə Araz çayı üzərində yerləşən 16 nasos stansiyası vasitəsilə mexaniki üsulla həyata keçirilir. Qurum artıq vəziyyəti uyğun olaraq tədbirlər almağa başlayıb. Sugətirici məcralar qazılır və həmin məcralarda suyun səviyyəsinə uyğun yeni suötürücü aqreqat quraşdırılır. Bu günə qədər artıq 4 belə aqreqat qurulub. Qeyd edək ki, bundan əvvəl bənzər mənzərə Kür çayı ilə bağlı yaşanmışdı.