27 fevral 2021 17:55
1105

Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsi

Dövlətimizin başçısı İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında  yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək  bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi, işğalçı Ermənistana  mesajlarını ünvanladı

 

   Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri dövlətimizin  başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 26-da XX əsrin ən dəhşətli soyqırımı olan  Xocalı faciəsinin  29-cu ildönümü ərəfəsində  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında  Azərbaycan həqiqətləri, İkinci Qarabağ müharibəsinin reallıqları, postmüharibə dövrünün prioritetləri ilə yanaşı, işğalçı Ermənistana   ünvanladığı mesajlardır. 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media oqanının 50-yə yaxın sualının cənab İlham Əliyev tərəfindən  dəqiqliklə, məntiqlə, faktlar əsasında  cavablandırılmasının  informasiya mübarizəsinin daha da  dərinləşdirilməsinə ehtiyacın olduğu hazırkı dövrdə əhəmiyyəti olduqca böyükdür.  Ölkə Prezidenti ölkəmizin  mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın illərdir işğalçılıq siyasəti ucbatından rəzil duruma düşməsindən geniş bəhs edərərək özünə güvənən, fikirlərinin dəqiqliyində  əmin olan, qəti mövqe ortaya qoyan qalib Lider kimi danışdı.  Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünyamiqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı  xarici jurnalistlərdə heyrət doğururdu. Müqayisəli təhlil aparsaq dövlətimizin başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində  30-a yaxın xarici KİV-lərə müsahibələri də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü dedi. Belə ki, hər bir müsahibə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin öyrənilməsi, işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə havadarlarının dəstəyi ilə danışıqları imitasiya naminə apardığının bəlli olması, beynəlxalq hüququn və ədalət meyarının maraqların arxasında əridiyinin açıqlanması, bir sözlə, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə  çatdırılması baxımından  zəngin mənbədir. Bu  müsahibələrin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin  müharibədən sonra, ən əsası Xocalı faciəsinin ildönümü günündə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirməsində məqsəd  qalib ölkənin qalib Liderinin Zəfərimizi şərtləndirən amilləri, o cümlədən həqiqətlərimizi bir daha dünyaya çatdırmaqdır.  Bu, Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsi oldu. Cənab İlham Əliyev faktlar əsasında Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğunu, Xocalı faciəsi qurbanlarının da qisasının İkinci Qarabağ müharibəsində alındığını bildirdi.

 Dövlətimizin başçısı  İlham Əliyevin  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını bir neçə dildə aparması, jurnalistlərin bütün suallarını cavablandırması media nümayəndələrini  təccübləndirdiyindən  "Siz rekorda imza atdınız, cənab Prezident" kimi fikirlərin səsləndirilməsinə stimul verdi.

  Təbii ki, dövlət o zaman güclü, xalq o zaman xoşbəxt olur ki, onun bugününü və gələcəyini düşünən, hər bir məsələnin həllində dövlət maraqlarını, xalqın iradəsini əsas tutan Lideri olur. Azərbaycan xalqının beynəlxalq təşkilatların hesabatlarında dünyanın xoşbəxt xalqları sırasında yer alması səbəbsiz deyil. Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün sahələrdə zirvələrə yüksəltdi. İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən əsas amillər də məhz Azərbaycanın bu uğurları, eyni zamanda, xalqımızın birliyi, həmrəyliyi, Prezidentinin ətrafında dəmir yumruq kimi birləşməsi, torpaq, Vətən sevgisinin, vətənpərvərlik duyğularının daha dərin olmasıdır. Məhz bu birlik, vətənpərvərlik, döyüş ruhunun yüksəkliyi cənab İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə “İrəli, Azərbaycan əsgəri!” əmrini verərkən  bu çağırışın necə böyük ruh yüksəkliyi ilə qarşılanmasında, qələbə əzmimimizin yüksəkliyində, 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında özünün aydın ifadəsini tapdı.

  Dövlətimizin başçısı İlham Əliyev istər İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici KİV-lərə müsahibələrində, istərsə də fevralın 26-da yerli və xarici jurnalistlər üçün  keçirdiyi mətbuat konfransında  aydın şəkildə izah etdi ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan işğala son qoydu, yeni reallıqlar yaratdı, Ermənistan bu reallıqlarla barışmaq məcburiyyətindədir.  Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaqdı.  Ölkə Prezidenti, həmçinin   xalqların sülh şəraitində yaşamasını təmin edəcək modeli də   təqdim etdi. 

     Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərinin “Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi. Siz bundan sonra Ermənistan ilə dövlət səviyyəsində münasibətləri necə qurmaq niyyətindəsiniz” sualı da cənab İlham Əliyevin istər 30 ilə yaxın dövrdə, istərsə də 44 günlük Vətən müharibəsi  zamanı sülh siyasətinə sadiqliyinə işıq saldı. Dövlətimizin başçısı “Mən sülh barədə neçə dəfə danışmağımı doğrusu saymamışam, lakin siz saymısınız. Bu, o deməkdir ki, siz sualın mahiyyətinə çox diqqətlə varmısınız. Buna görə də cavab vermək mənə asan olacaq” söyləyərək onu da bildirmişdir ki, müharibənin ilk günündən  işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda  dayanmağa hazır idik.  Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Cənab İlham Əliyev  hər şeyin Ermənistan rəhbərliyinin və Ermənistan iqtidarının hansı siyasəti seçəcəyindən asılı olacağını bildirir: “ Bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq.”

      Dövlətimizin başçısının 35-dən çox media orqanının 50-yə yaxın sualının hər birinə böyük siyasətçi, mahir diplomat kimi  müfəssəl cavabları qürurvericidir. Ölkə Prezidenti   bir daha  böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırdı. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibəsi olduğu faktlarla bəyan edildi. Dövlətimizin  başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini  ortaya qoydu.  Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir. Beynəlxalq auditoriya  bir daha cənab  İlham Əliyevin simasında  təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli  dünya səviyyəli Lideri gördü. Bu, Azərbaycanın böyük uğuru, cənab İlham Əliyevə yüksək  etimadın göstəricisidir.

Yeganə Əliyeva, “İki sahil”